Məmməd Əmin Rəsulzadənin 128 yaşı tamam olub

Məmməd Əmin Rəsulzadənin 128 yaşı tamam olub

Azərbaycanın bir çox müxalifət partiyalarının fəalları, ziyalılar, ictimai xadimlər, ictimaiyyət nümayəndələri M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edib.

Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 128-ci ildönümüdür.
Məmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
M.Ə.Rəsulzadə 1902- ci ildə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən təşkilatın bir qolu da az sonra İranda qurulub və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilib. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında Bakıda "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı yaradılıb. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilib. Qəzet 6 nömrə çıxdıqdan sonra nəşrini dayandırır və sonra 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır.
1908-ci ildə -ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakıdan İrana gedir. O İranda 1910-cu ilin sentyabrıda İran demokrat partiyasının əsasını qoyur, "İrane Nou" və "İrane Ahat" qəzetlərinin baş redaktoru olur. 1909-cu il avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane Nou" qəzeti İranın ən çoxtirajlı böyük olub.
Çar hökuməti İranda inqilabi hərəkatın əsas rəhbərlərindən olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb edir. M.Ə.Rəsulzadə 1911-ci ilin mayında İstanbula gedir. Türkiyədə Rəsulzadə öz göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına" daxil olub və tezliklə onun rəhbərinə çevrilib.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə Bakıya qayıda bilir.
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Beləliklə, mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan olunub. Bununla da şərqdə ilk parlamentli respublika Azərbaycan Xalq Cümhuriyyəti qurulub.
1920-ci il aprelin 28-də Azərbaycanın bolşevik işğalından sonra Rəsulzadə həbs edilib və həmin ilin oktyabrında həbsdən azad edilərək Moskvaya aparılıb. 1922-ci ildə Petroqraddan Finlandiyaya qaçan Rəsulzadə, qərbi Avropaya, oradan da Türkiyəyə gəlir.
M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.
Bu gün Azərbaycanın bir çox müxalifət partiyalarının fəalları, ziyalılar, ictimai xadimlər, ictimaiyyət nümayəndələri M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edib.