Azərbaycan Hərbi Hava Qüvvələrinin iyulun 24-də təlim-məşq uçuşu keçirən zaman qəzaya uğrayan MİQ-29 təyyarəsinin "qara qutu"su tapılaraq dənizdən çıxarılıb.
Bu barədə avqustun 19-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə "qara qutu"nun texniki vəziyyəti öyrənilir. Eyni zamanda, təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir," məlumatda deyilir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov hesab edir ki, qəzaya uğramış təyyarənin `qara qutusu` tədqiq edilməsi üçün Rusiyaya göndərilməməlidir.
"Təyyarənin `qara qutusu` tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonra `qara qutular` Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib," hərbi ekspert Amerikanın Səsinə bildirib.
Hərbi ekspert Azərbaycana məxsus təyyarənin qəzaya uğramasını Rusiyanın müdaxiləsi ilə əlaqəndirir.
“MiQ-29 təyyarələri son 3 ildə Ukraynda hərtərəfli təmir edilib və işlək vəziyyətdə, yeni rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Təyyarənin yaşı çox olsa da, ona son nəsil avadanlıqlar quraşdırılb. Burada hərb elmini oxumamış "professor, filtifessorluq" edən tovarişlərə xatırladıram ki, MİQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə kənardan, uzaq məsafədən - bu, maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsilə naviqasiya, rabitə avadanlıqlarını anidən sıradan çıxarmaq yolu ilə təyyarə "ölü vəziyyətinə" salınıb. Gerisi məlumdur,” Cəfərov facebook səhifəsində yazıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsi iyulun 24-də təlim-məşq uçuşları keçirən zamanı qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarənin pilotu Rəşad Atakişiyev barədə hələ də məlumat yoxdur.
Müdafiə Nazirliyi iyulun 25-də yaydığı açıqlamada təyyarənin Xəzər dənizinə düşdüyünü ehtimal edirdi. Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb
Müdafiə Nazirliyi bildirib ki, axtarışlara Türkiyə mütəxəssisləri cəlb edilib.
Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılıb.