Romni Obamanın Yaxın Şərq siyasətini kəskin tənqid edib

ABŞ prezidentliyinə respublikaçı namizəd xarici siyasət məsələlərinə dair məruzə ilə çıxış edib

ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni prezident Barak Obamanın yürütdüyü xarici siyasəti kəskin tənqid edərək, onun Amerikanın qlobal liderliyini təmin edə bilməməsinə görə Yaxın Şərqdə münaqişə riskinin artdığını deyib.

Virciniya ştatının Leksinqton şəhərindəki hərbi akademiyada danışan Mitt Romni deyib ki, o, prezidenti seçilsə, İran rəhbərliyinə Birləşmiş Ştatlar və müttəfiqlərin onların nüvə silahı istehsal etməsinə yol verməyəcəyinə dair xəbərdarlıq edəcək. O əlavə edib ki, İrana qarşı yeni sanksiyalar tətbiq etməkdən çəkinməyəcək və Aralıq dənizinin şərqində və İran körfəzində təyyarə daşıyan xüsusi qüvvələrin daimi yerləşdirilməsini təmin edəcək.

Prezident Obama xarici siyasətə dair çıxışında əks-terror sahəsində gördüyü işlərdən danışaraq, Əl-Qaidə lideri Usama Bin Ladenin öldürülməsini bir daha qeyd edib. Cənab Obama həmçinin İraq və Əfqanıstandan silahlı qüvvələrin çıxarılması haqda qərarlarını da vurğulayıb.

Prezidentliyə namizəd Mitt Romni ABŞ hərbi qüvvələrin İraqdan, onun sözlərilə, qəfil çıxarılmasını tənqid edərək, Birləşmiş Ştatların əldə etdiyi nailiyyətlərin zorakılıqların artması, Əl-Qaidə elementlərinin baş qaldırması, demokratiyanın zəifləməsi və İranın nüfuzunun güclənməsi ilə əvəz edildiyini deyib.