Mitinq təşkilatçılarına xəbərdarlıq edilib

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Milli Şura oktyabrın 27-də mitinq keçirəcək
Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev Milli Şuranın oktyabrın 27-də keçirəcəyi mitinqinin təşkilatçılarına qanunazidd hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edib.

Xəbərdarlıq Razim Əmiraslanov və Aydın Əliyevə edilib. Belə ki, oktyabrın 27-də saat 16:00-dan 18:00-dək Yasamal rayonunda “Məhsul” stadionunda mitinqin keçiriləcəyi barədə müraciət onların adından daxil olub.

Prokuror müavini mitinq zamanı “Toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə əməl olunmasını, ayrı-seçkiliyə, milli, irqi və dini düşmənçiliyin qızışdırılmasına çağıran şüarların qarşısının alınmasını tövsiyə edib.

F.Həsənəliyev xəbərdarlıq edib ki, ictimai asayiş, vətəndaşların rahatlığı pozularsa, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olunmasa, müəssisə və nəqliyyatın normal fəaliyyəti pozularsa bu cür hərəkətlərin qarşısı qətiyyətlə alınacaq.
O xatırladıb ki, bütün bu hallara görə CM-in 169 (toplaşmaq qaydalarının pozulması), 220 (kütləvi iğtişaşlar), 233 (ictimai asayişin pozulması) maddələri ilə cinayət məsuliyyəti nəzərdə tutulur.

Xatırladaq ki, oktyabrın 12-də Milli Şuranın mitinqi başa çatdıqdan sonra polislə aksiya iştirakçıları arasında toqquşmalar baş verib. Buna İlham Əliyevin istefasını tələb edən şüarlar səbəb olub.