İcra hakimiyyəti hüquqşünasların mitinqinə icazə verməyib

Bakı Şəhər İcra Hakimiyyəti “Praktik Hüquqşünaslar Qrupu”nun (PHQ) noyabrın 18-də Yasamal rayondakı keçmiş “Məhsul” stadionunda təyin etdiyi mitinqə icazə verməyib.

Aksiya məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılması haqda düzəlişlərə etiraz olaraq keçirilməli idi.

PHQ-nin üzvü Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, şəhər hakimiyyəti imtinanı onunla izah edib ki, təşkilatçılar mitinq iştirakçılarının dəqiq sayını göstərməyiblər.

Müraciətdə aksiyada 500-dən 5000 nəfərədək adamın iştirak edəcəyi göstərilib ki, guya bu, iştirakçıların təhlükəsizliyini təmin etmək üçün tədbirlərin görülməsində çətinlik yaradıb.

X.Bağırov şəhər administrasiyasının göstərdiyi səbəbləri uydurma adlandırıb.

Onun sözlərinə görə, bu məsələ həll olunmayan problem deyil və İcra Hakimiyyəti ilə razılaşdırmaq olardı.

Odur ki, X.Bağırov Bakı meriyasının cavabını qanuna zidd hesab edir.

Hüquqşünas Samirə Ağayeva meriyanın cavabının mətnini açıqlayıb və orada deyilir ki, düzəlişlər prezident tərəfindən təsdiqlənib və buna görə şəhər icra hakimiyyəti “qanun layihəsinə hər hansı mövqe bildirməyi məqsədəuyğun hesab etmir”.

Xatırladaq ki, Ali Məhkəmənin təşəbbüsü ilə oktyabrın 31-də Milli Məclis “Vəkillik haqqında” qanuna, Mülki-Prosessual Məcəllə və İnzibati- Prosessual Məcəlləyə düzəlişlər edib.

Dövlət başçısı nümayəndəlik institutunu məhdudlaşdıran bu dəyişiklikləri təsdiqləyib. Bundan sonra mülki və inzibati işlər üzrə məhkəmələrdə fiziki şəxslər ancaq peşəkar vəkillər ilə - Vəkillər Kollegiyasının üzvləri ilə təmsil oluna bilər. Yaxın qohumlar istisna olmaqla, digər nümayəndələr iştirak edə bilməz.

Mülki və inzibati işlər üzrə məhkəmələrdə hüquqi şəxsləri onların ştatlı əməkdaşları təmsil edə bilər.

Yeniliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ölkənin tanınmış hüquqşünaslarını birləşdirən “Praktik Hüquqşünaslar Qrupu” bu düzəlişlərə etiraz olaraq noyabrın 18-nə mitinq təyin edib. Onların fikrincə, bu, ölkədə vəkillərin sayının çox az olduğu bir şəraitdə vətəndaşları hüquqi müdafiəsiz qoyacaq. Digər tərəfdən, subyektiv səbəblərdən Vəkillər Kollegiyasına qəbul edilməyən hüquqşünasların bir çoxu müdafiə prosesindən kənarda qalacaq.