Staffan de Mistura Suriya hökumətinin təmsilçiləri ilə görüş keçirir

BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bu gün Cenevrədə Suriya hökumətinin təmsilçiləri ilə görüş keçirir. Görüş münaqişə tərəflərinin sülh prosesinə başladıqlarını elan etmələrindən sonra baş tutub.

Proses yavaş getsə də, döyüşlərin dayandırılması və ölkədə seçkilərə aparacaq siyasi dəyişiklik yolunda irəliləyiş müşahidə edilir.

De Mistura daha sonra müxalifətin nümayəndə heyəti ilə görüşməlidir.

Bu arada Suriya müxalifətinin baş müzakirəçisi Məhəmməd Alloş sülh danışqılarına dair bədbinliyini dilə gətirib. O, quruda vəziyyətin dəyişmədiyi təqdirdə danışıqların nəticə verməyəcəyini bildirib.

De Mistura ABŞ, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və digərlərinin daxil olduğu Suriyanın Dəstək Qrupuna danışıqlar getdiyi müddətdə atəşkəsin qüvvədə saxlanmasına dair xəbərdarlıq verib.

Əsəd rejiminin hava kampaniyalarına Rusiyanın dəstəyi ölkədə vəziyyəti gərginləşdirib. Suriya və Rusiya təyyarələri dünən Hələbə qarşı hava kampaniyası həyata keçirib.

Müxalifət hücumlar nəticəsində çoxsaylı mülki vətəndaşın həlak olduğunu bildirərək, hücumlar dayandırılmasa danışıqları tərk edəcəklərini bildirib.