Misirlilər parlamentin aşağı palatasının üzvlərinin seçmək üçün sonuncu raund seçkilərdə səs verməyə başlayıb.
Bugünki səsvermə Əl-Qarbiya, Şimali Sinay və Cənubi Sinay da daxil olmaqla 9 vilayətdə start götürüb. Bu regionlar noyabrın sonunda başlayan proses çərçivəsində səsvermənin keçirilmədiyi sonuncu bölgələrdir.
Fevral ayında kütləvi etiraz aksiyaları nəticəsində sabiq prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsindən sonra ilk dəfədir ki, ölkədə parlament seçkiləri keçirilir.
Misrin islamçı partiyaları ilk iki raundda önə çıxa bilib. Əvvəlki seçkilər 18 vilayətdə keçirilib.
Bundan sonra isə misirlilər parlamentin yuxarı palatasını müəyyən etməyə çalışacaq. Ölkənin hərbi hakimiyyəti bildirib ki, seçki prosesi paytaxt Qahirədə ölümlə nəticələnən toqquşmalara son qoyulmasını sürətləndirəcək. Nümayişçilər hakimiyyətin təcili mülki hökumətə verilməsini tələb edir.