Mursi tərəfdarları etirazları davam etdirir

Misirdə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları daxili işlər nazirliyinin rəsmiərin Qahirədə həftələrdir keçirilən nümayişlərin dağıdılmasına hazırlaşdığı haqda xəbərdarlığına baxmayaraq, etiraz nümayişlərini davam etdirməyə söz verib.

Müsəlman Qardaşları təşkilatının fəalları şənbə günü 74 adamın ölümü, 800 adamın isə yaralanması ilə nəticələnmiş qanlı toqquşmalardan sonra Qahirədə Rabaa Əl-Ədəviyyə məscidi və Qahirə universiteti yaxınlığında ölənlərin xatirəsini anmaq üçün toplaşıb.

Daxili işlər naziri Məhəmməd İbrahim nümayişlərin böyük itkilərə səbəb olmadan dağılacağına inandığını bildirib.

Cənab Mursinin Müsəlman Qardaşları partiyasının bəyanatında deyilir ki, polis və şəxsiyyəti müəyyən edilməyən silahlı şəxslər hakimiyyətdən devrilmiş prezidentin qaytarılması tələb edən nümayişçilər düşərgələrini məscidin qarşısındakı küçələrdən birinə keçirmək istəyən vaxt onlara atəş açıb.

Misir rəsmilri bu ittihamları rədd edərək, polisin gözyaşardıcı qazdan istifadə etdiyini və zorakılıqlara görə Mursi tərəfdarlarının məsuliyyət daşıdığını bildirib.

Bazar günü Süveyş kanalı bölgəsində yerləşən Port Səid şəhərində səhər islamçı prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Zorakılıqlar zamanı 15 adamın xəsarət aldığı bildirilir.