Misir İsrailin Suriyaya qarşı hücumlarını pisləyib


Misir prezidenti İsrailin Suriyada keçirdiyi hava hücumlarını pisləyərək, bunun beynəlxalq hüququnun pozulması olduğunu deyib. Prezident Məhəmməd Mursi hava hücumlarının Suriyada vətəndaş müharibəsi ilə əlaqədar vəziyyətin daha da pisləşməsinə gətirib çıxara biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Misir prezidenti Məhəmməd Mursinin ofisinin bazar günü açıqladığı bəyanatda Misirin Suriyada qan tökülməsinin və Suriya silahlı qüvvələrindən xalqa qarşı istifadə edilməsinin qətiyyətlə əleyhinə olduğu bildirilir. Lakin bəyanatda eyni zamanda Suriyanın suverenliyinin pozulmasına və ölkədaxili böhrandan hər hansı bir bəhanı kimi istifadə edilməsinə etiraz ifadə edilir. Prezident Mursinin bəyanatında İsrailin hücumlarının vəziyyəti daha da mürəkkəbləşdirdiyi deyilir.

Misir Suriyada iki ildir davam edən vətəndaş müharibəsinə dinc yolla son qoymaq üçün Ərəb Liqası çərçivəsində fəaliyyət göstərib.

Misir prezidentinin bəyanatında İsrailin hücumlarının beynəlxalq ictimiayyət üçün beynəlxalq qanunlara hörmət edilməsi məsələsində real test olacağı deyilir.