Misir prezident seçkisində general Sissinin rəbiqi liberal siyasətçi olacaq

Misirdə gələn ay keçiriləcək prezident seçkisində qeydiyyatdan keçmək üçün bazar günü son möhlətə qədər heç kəs ərizə təqdim etmədiyinə görə iki rəsmi namizədin olacağı bildirilir.

Misir ordusunun keçmiş komandiri general Əbdül Əl-Sissinin rəqibi solçu siyasətçi Hamden Sabahi olacaq.

Prezident Seçki Komissiyasının rəsmilərinin bildirdiyinə görə, Əbdül Əl-Sissi təxminən 200 min imza ilə namizədliyini qeydiyyatdan keçirib. Bu, tələb edilən 25 min imzadan qat-qat çoxdur. Hamden Sabahi isə təxminən 30 min imza ilə prezidentliyə namizədliyini qeydiyyatdan keçirib.

Namizədlərin rəsmi siyahısı mayın 2-də açıqlanacaq. Prezident seçkisində səsvermə isə may ayının 26-ı və 27-də keçiriləcək.

Misirin azad seçki nəticəsində seçilmiş prezidenti Məhəmməd Murisini bir ildən sonra hakimiyyətdən devirən general Sissinin seçkidə asanlıqla qələbə çalacağı gözlənilir.

Hamden Sabahi 2012-ci ildə Məhəmməd Mursinin qələbə çaldığı seçkidə üçüncü olmuşdu.