Misirdə referendumu qüvvədə saxlamaq üçün orduya əlavə səlahiyyət verildi [Fotoqalereya]

Misir prezidenti Məhəmməd Mursi şənbə günü keçiriləcək referendumda təhlükəsizliyi təmin etmək üçün imzaladığı fərmanın bir hissəsi kimi orduya mülki vətəndaşları həbs etmək səlahiyyəti verib.

Qərara əsasən “həyat əhəmiyyətli təsisatları” qorumaqda polisə yardım etmək üçün orduya səlahiyyət verilir.

Misirin liberal müxalifət koalisiyası rəsmi olaraq prezidentin əsasən islamçı tərəfdarları tərəfindən hazırlanmış yeni konstitusiya ilə bağlı referendum planlarını rədd edib.

Bazar günü axşam saatlarında Milli Qurtuluş Cəbhəsinin sözçüsü bəyanatla çıxış edərək, yeni konstitusiya layihəsinin Misir xalqını lazımi qaydada təmsil etmədiyini bildirib. O bu sənədlə bağlı referendumun keçirilməsinin ölkədə çox sayda qarşıdurmaya səbəb olacağını deyib.

Müxalifət çərşənbə axşamı kütləvi etiraz aksiyaları keçirməyə çağırıb. Bəzi müşahidəçilər cənab Mursinin Müsəlman Qardaşları hərəkatının tərəfdarlarının seçiciləri səfərbər etməkdə yüksək qabiliyyətə malik olduğunu qeyd edərək, konstitusiya layihəsinin qəbul olunmaq şanslarının yüksək olduğunu bildirirlər.