Əl-Cəzirə kanalının jurnalistləri Misirdə ittihamlarla üzləşir

Misir rəsmiləri Əl-Cəzirə xəbər agentliyinin dörd xarici jurnalistini terrorçu qrupa köməklik göstərdiyinə görə məhkəmə qarşısına çıxaracaq.

Jurnalistlər arasında mükafat qazanmış avstraliyalı müxbir Piter Qrest də var. Digər jurnalistlər isə Britaniya və Hollandiya vətəndaşlarıdır.

Jurnalistlərlə yanaşı 16 misirli hökümətin terrorçu qrup elan etdiyi Müsəlman Qardaşları təşkilatına mənsub olduqları üçün ittiham olunurlar. İslam yönümlü təşkilat sabiq prezident Məhəmməd Morsinin hakimiyyətdən devrilməsinə qarşı nümayişlər keçiriblər.

Jurnalistlərinin 16 misirliyə kömək etdiyi və dövlətin milli marağını zədələyəcək yalan xəbərlər yaydığı iddia olunur.

Əl-Cəzirə rəsmiləri jurnalistlərə qarşı ittihamı "absurd, əsassız və yalan" adlandırıb.