Şeyx Əhməd Əl-Tayyib: İran Körfəz ölkələrinin daxili işlərinə müdaxilə etməməlidir

İran prezidenti Mahmud Əhmədinejad Qahirədə Misir prezidenti tərəfindən hərarətlə qarşılanıb. Bu, 1979-cu ildə baş vermiş İslam inqilabından bəri İran liderinin Misirə ilk səfəridir.

Misirin MENA xəbər agentliyinin bildirdiyinə görə, liderlər Suriya böhranı və orada davam edən qətliamın hərbi müdaxilə olmadan dayandırılması yollarını, eyni zamanda, İran və Misir arasında əlaqələrin məhkəmləndirilməsini müzakirə edib.

İslam Respublikasının şiə lideri Mahmud Əhmədinejad dünyada ən böyük sünni islam universiteti olan Əl-Əzhərə rəhbərlik edən Əl-Əzhər məscidinin imamı şeyx Əhməd Əl-Tayyiblə də görüşüb.

Şeyx Əl-Tayibin sözcüsü onun cənab Əhmədinejadı Misirin İranla bərabər dayanacağına əmin etdiyini deyib.

Bununla belə, Əl-Əzhər məscidinin imamı bildirib ki, şiə dövləti İran Körfəzi regionunda ərəb dövlətlərinin işlərinə müdaxilə etməməlidir və İranda yaşayan sünnilərin azad fəaliyyətini təmin etməlidir. O, İran prezidentini Bəhreynə ehtiram göstərməyə çağırıb və şiəliyin sünni ölkələrdə yayılmasını istəmədiyini bildirib.