İran müxalifətinin bir ildən çoxdur həyat yoldaşı ilə birlikdə ev dustaqlığında saxlanan lideri Mirhüseyn Musəvinin qızları Kövkəb, Zəhra və Nərgiz internetdə yerləşdirdikləri yazıda valideynlərinin müqavimətindən söz açıblar.
“Media forum” saytının məlumatına görə, “Bütün bu divarlar, zəncirlər və barmaqlıqlar bir gün sınıb qırılacaq” başlıqlı yazıda deyilir: “Siz öz mövqeyiniz üstündə dayanıb əyilmədiniz. Siz zülmə baş əyməyib həmvətənlərinizlə bağladığınız ilqara (əhd-peymana) sadiq qaldınız. Siz küçə və meydanlarda dostluq, paklıq, məhəbbət və düzgünlük uğrunda qanına bələnərək şəhid olan o böyük insanlar kimi möhkəm dayandınız.
Biz əminik və inanırıq ki, bütün bu divarlar, zəncirlər və barmaqlıqlar bir gün sınıb qırılacaq. O gün azadlıq haqqında mahnı oxumaq artıq günah sayılmayacaq, biz dözüm və imanımızın meyvəsini dərib bütün dünya ilə paylaşacağıq”.