Mirhüseyn Musəvinin övladları təhdid edilir

Mirhüseyn Musəvinin övladları təhdid edilir

ETTELAAT Musəvinin qızlarını həbsə salacaqları ilə təhdid edib. Musəvinin incəsənətdən dərs deyən qızlarından birinin ali təhsil ocağında tədrisinə qadağa qoyulduğu bildirilir.

İran müxalifətinin bir ilə yaxındır ev dustaqlığında saxlanan liderlərindən Mirhüseyn Musəvinin qızları təhdid edilib. Xəbəri Musəvi tərəfdarlarına məxsus “Kalameh” saytı yayıb.

“Media forum”un məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Musəvi qızlarını həbsə salacaqları ilə təhdid ediblər. Məlumatda həmçinin Musəvinin incəsənətdən dərs deyən qızlarından birinin ali təhsil ocağında tədrisinə qadağa qoyulduğu da bildirilir.

Musəvinin qızlarının təhdid olunması onların müxalifətin həbsdə saxlanan digər lideri Mehdi Kərrubinin oğlanları ilə birgə xalqa müraciətindən bir neçə gün sonraya təsadüf edib. Onların müraciətində deyilir: “Musəvi və Kərrubi qanuna zidd olaraq bir ilə yaxındır ki, həbsdə saxlanır. Onların bizimlə telefon əlaqələri məhdudlaşdırılıb, hər hansı əlaqəyə də güclü nəzarət edilir. Onlar bütün qanuni və insani hüquqlardan məhrum olunublar. Bitərəf qurumların valideynlərimizin sağlamlığına, yeməyinə və onlara verilən dava-dərmana nəzarət etməsinə imkan verilmir. Onların təhlükəsizliyi və harada saxlandığı ciddi şübhə altındadır. Onların həbsdə saxlanması ilə rəsmilərdən heç biri üzərinə öhdəlik götürmür, cavabdeh olmaq istəmir.

Biz Musəvi və Kərrubinin ailə üzvləri olaraq onların həbsdə saxlanmasına kəskin etiraz edir, bu qanuna və insanlığa zidd hərəkətə son qoyulmasını tələb edirik. Valideynlərimizlə belə rəftar edənlər bilməlidirlər ki, bununla Musəvi və Kərrubinin milyonlarla insanın küçələrdə haqq-ədalət uğrunda səsləndirdiyi ideyalara və bu yolda şəhid verən, həbsə, işgəncəyə məruz qalan xalqa verdikləri dəstəyə zərrə qədər də xələl gətirə bilməyəcəklər”.