Saxta pasportla Britaniyaya getmək istəyən İran vətəndaşları Bakıda saxlanılıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) saxta sənədələrlə Azərbaycandan çıxmaq istəyən İran vətəndaşlarını saxlyıb. Bu haqda DSX-nin yaydığı məlumatda deyilir.

Xidmət bildirir ki, hadisə bu il yanvarın 4-də Heydər Əliyev adına aeroportda baş verib.

Açıqlamaya görə, Bakı-London reysi ilə Böyük Britaniyaya getmək istəyən Cimen Aysegül və qızı Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıb: "Axtarış nəticəsində onların üzərindən saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlar aşkar edilib".

Xidmət bildirir ki, hər iki şəxs bu il yanvarın 1-də İstanbul-Bakı reysi ilə Azərbaycana gəliblər, əslində onların İran vətəndaşları Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı Pərvəreş Pəniz Əli qızı olması müəyyən edilib.

Sərhəd Xidməti bildirir ki, bu şəxslər saxta pasportları İstanbul şəhərində İran vətəndaşı olan bir şəxsin vasitəsilə əldə edib.

Hazırda fakt üzrə cinayət işi başlanıb.

Dövlət Sərhəd Xidməti həmin şəxslərin həqiqi və saxta pasportları kimi göstərilən pasportlarının fotolarını da yayıb.