Dünyada 18 dekabr Beynəlxalq Miqrant Günüdür. 1990-cı ilin həmin günündə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edib. 2000-ci ildə isə BMT Baş Assambleyası Konvensiyanın qəbul edildiyi günü Beynəlxalq Miqrant Günü elan edib.
Həmin vaxtdan etibarən dekabrın 18-i dünyanın hər yerində Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. Azərbaycan bu Konvensiyaya 1998-ci ildən qoşulub.
Müasir dövrdə bir çox beynəlxalq ekspertlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması ən aktual və vacib məsələlərdən biri olduğunu düşünür.
Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir ?
Azərbaycanda miqrantlar varmı? Onların hüquqlaqrı necə qorunur? Ölkə bu sahədə götürdüyü öhdəlikləri yerinə yetirirmi? Azərbaycanda olan qaçqınların həyatının yaxşılaşdırılması üçün nələr edilməlidir? suallarına cavab axtardıq. Bir sıra ekspert və hüquq müdafiəçinin fikirlərini sizinlə paylaşırıq.
Azərbaycana həm daxili, həm də xarici miqrasıya xasdır.
Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki beynəlxalq aləmdə iqtisadi-siyasi münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Müharibələr, milli, regional münaqişələr kütləvi miqrasiyasını qaçılmaz edib.
Onun sözlərinə görə, bu gün dünyada 1 milyarddan çox miqrant vardır. Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni, başqa ölkələrə üz tutanlar, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir.
“Sözsüz, bu rəqəm qlobal çağırışlar doğurur və ölkələr buna qarşı birgə səyi ortaya qoymalıdır. Azərbaycana həm daxili, həm də xarici miqrasıya xasdır. SSRİ süquta uğradıqdan sonra 200 mindən çox azərbaycanlı Ermənisandan Azərbaycana qaçqın düşdü. Səhv etmirəmsə, 1998-ci ildə onlara vətəndaşlıq verildi. Eyni zamanda Dağlıq Qarabağ və ətraf rayonların qəsb olunması fonunda 1 milyon vətəndaş məcburi köç etdi. Doğrudur, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılmasından ötrü ayrı-ayrı dövlət proqramları qəbul edildi, məşğulluq, iqtisadi rifah, sosial təminat məsəllələrində müəyyən səylər edildi.”
Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanda miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi uzun zaman mümkün olmayıb.
“Lakin Dövlət Miqrasiya Proqramının, Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi, Miqrasiya Məcəlləsinin qəbulu son illər ərizndə hüquqi bazanın təkmilləşdirilməsi üçün atılmış vacib addımlar kimi qiymətləndirmək lazımdır” - deyə, hüquq müdafiəçisi deyir.
Azərbaycanda qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə yeni proqram qəbul edilməlidir.
Rüfət Səfərov qeyd edir ki, Azərbaycanda əmək miqrantları çoxluq təşkil edir ki, onların da əksəriyyəti tikinti-inşaat sektorunda fəaliyyət göstərir.
Onun fikrinə görə, Mərkəzi Asiya ölkələrindən, İrandan, Əfqanıstandan, Türkiyədən miqrant axını var.
Araşdırdıqda görərik ki, həmin miqrantların müəyyən qisminin əmək fəaliyyəti ilə məşğul olmaqla bağlı icazə alınmayıb. Başqa sözlə desək, qeyri-leqal fəaliyyət göstərirlər.
"Onlardan bəzilərinin əmək istismarına məruz qalmaları sirr deyil. Araşdırdıqda görərik ki, həmin miqrantların müəyyən qisminin əmək fəaliyyəti ilə məşğul olmaqla bağlı icazə alınmayıb. Başqa sözlə desək, qeyri-leqal fəaliyyət göstərirlər.
Miqrantların işə götürənlər tərəfindən aldadılması, əmək haqlarının tam ödənilməməsi kimi məlumatlarlarla zaman-zaman tanış oluruq. Doğrudur, müşahidəçilər təsdiqləyirlər ki, Miqrasiya Xidmətinin yeni rəhbərliyi miqrasiya problemlərinə, miqrantların hüquqi statusuna, hüquq və vəzifələrinə daha həssaslıqla yanaşır, lakin Azərbaycanda miqrantların əmək fəliyyəti ilə məşğul olmaları üçün fərdi icazə almadan işlədilməsi azlıq təşkil etmir. Xüsusilə, onların sağlamlığının təminatlı olmaması, əmək təhlükəsiziliyinin işəgötürənlər tərəfindən təmin olunmaması narahatçılıqlar doğurur. Fikilərimi ümumiləşdirərək qeyd edirəm ki, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, nizama salınmayan bəzi miqrasiya münasibətlərinin neqativ təsirinin aradan qaldırılması, insan alveri də daxil olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə yeni proqram qəbul və icrasına nəzarət edilməlidir.”
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması sahəsində Azərbaycanda səmərəliliyin artırılması məqsədilə qanunvericilik bazası təkmilləşdirilibmi?
Hüquqşünas Emin Abbasov isə deyir ki, Azərbaycan BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanı ratifikasiya etdikdən sonra miqrasiya sahəsini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edib.
“Bu sahədə ən son qanun 2 iyul 2013-cü il tarixli 713-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş və həmin il 1 avqust tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsini qeyd etmək olar. Məcəllə miqrasiya ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və bu sahədə yaranan münasibətləri, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasındakı hüquqi statusunu müəyyənləşdirir.”
Azərbaycanda miqrantların əmək və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər müvafiq olaraq Əmək Məcəlləsində, Vergi Məcəlləsində, və digər qanunvericilik aktlarında tənzimlənməkdədir.
Onun sözlərinə görə, Azərbaycanda miqrantların əmək və digər hüquqlarının həyata keçirilməsi ilə bağlı məsələlər müvafiq olaraq Əmək Məcəlləsində, Vergi Məcəlləsində, və digər qanunvericilik aktlarında tənzimlənməkdədir.
“Bununla belə bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın icrasına nəzarət edən BMT-nin eyni adlı Komitəsinin hesabatlarından aydın olur ki, Konvensiya Azərbaycanın məhkəmə və dövlət orqanları tətbiq yetərli səviyyədə tətbiq edildiyinə dair məlumat mövcud deyil. Bundan başqa hələ də qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə zəruri məlumatlar bazası üçün infrastrukturun qurulmasına ehtiyacın olduğu bildirir” - deyə, hüquqşünas əlavə edib.
Azərbaycanda miqrantlarla bağlı mövcud Konvensiyalar və sənədlərlə bağlı vəziyyət
Humanitar Tədqiqatlar Birliyinin rəhbəri, konfiliktoloq Əvəz Həsənov Amerikanın Səsinə açıqlamasında deyib ki, Azərbaycan respublikasında miqrantlarla bağlı bütün mövcud Konvensiyalar və sənədlərə qoşulması ilə bağlı hələ bir ciddi problem qalmayıb.
Onun dediyinə görə, ölkə miqrasiya ilə bağlı öz siyasətini də, miqrasiya ilə bağlı qanunvericiliyini də faktiki olaraq beynəlxalq miqrasiya ilə bağlı sənədlərlə tam uyğunlaşdırılıb. 2007-ci ildən bu yana ölkədə Dövlət Miqrasiya Xidmətinin yaradılması ilə bağlı faktiki olaraq bütün sahələrdə bütün səlahiyyət həmin struktura verilib.
“Vaxtilə miqrantların müxtəlif kateqoriyaları ilə müəyyən nazirliklərin şöbələri məşğul idi. Misal üçün əməkçi miqrantlarla İqtisadi İnkişaf nazirliyi, və yaxud Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məşğul idi. Bir miqrant koteqoriyası ilə Daxili İşlər nazirliyi məşğul idi. Qaçqınlarla misal üçün Qaçqınlar üzrə Dövlət Komitəsi məşğul idi. Amma bundan sonra bütün səlahiyyətlər ölkədə Dövlət Miqrasiya Xidmətinə verilib.
2007-ci ildə Dövlət Miqrasiya Xidməti yaradıldıqdan sonra miqrantların vahid məlumat sistemi yaradılıb. Həmin vahid məlumat sistemi ölkədə miqrasiya ilə bağlı bütün prosesləri izləmək üçün ən ideal sistem oldu. Yəni demək olar ki, bütün nazirliklər, güc strukturları miqrasiya ilə bağlı nə statistika və yaxud nə sənəd varsa sistem vasitəsilə əldə elədilər. Bu eyni zamanda ölkədə miqrantların statistikasını müəyyən etmək üçün müəyyən qədər rol oynadı”ekspert bildirib.
Azərbaycanda əməkçi miqrantların son durumu
Ekspert qeyd edir ki, Azərbaycanda müxtəlif illərdə məsələn əməkçi miqrantların sayında müxtəlif dəyişikliklər olmuşdu.
"Məsələn son məlumata görə Azərbaycanda hardasa bir 10 min civarında əməkçi miqrant var. Yəni ola bilsin bu pandemiya ilə bağlı bu miqrantların sayında demək azalmalar olsun. Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı ilə bağlı müxtəlif məlumat var. Statistikanı dəqiq bilmirəm. Bu çoxdur. Bura gələn əcnəbilər və bura gələn müvəqqəti yaşamaq hüququ olan əcnəbilər daxildir. Ona görə də bu misal üçün hətta bir ay ərzində 10 mini, 20 mini keçir. Ona görə də dəqiq statistika yoxdur" o deyir.
Azərbaycanda siyasi sığınacaq axtaran insanların durumu necədir?
Rusiyadan çeçen əsilli vətəndaşlar gəlib burada sığınacaq axtarırlar. Suriyadan, Pakistandan, İrandan hətta Afrika ölkələrindən ölkədə sığınacaq axtaranlar var. Onların təbii ki , bütün müraciətləri Qaçqınlar üzrə BMT-nin AliBaş komisarlığına həvalə olunub.
Əvəz Həsənov bildirir ki, Azərbaycanda siyasi sığınacaq axtaran insanların ümumi sayı son məlumata görə 1250-1300 nəfərdir. Bu insanlar əsasən Əfqanıstandan çox böyük faizi gəlib burada sığınacaq almaq istəyən insanlardı. Rusiyadan çeçen əsilli vətəndaşlar gəlib burada sığınacaq axtarırlar. Suriyadan, Pakistandan, İrandan hətta Afrika ölkələrindən ölkədə sığınacaq axtaranlar var. Onların təbii ki , bütün müraciətləri Qaçqınlar üzrə BMT-nin AliBaş komisarlığına həvalə olunub. Çünki Azırbaycanda siyas sığınacaq axtaran şəxslərlə iş demək olar ki, bütün səlahiyyətləri BMT-nin Qaçqınlar üzrə AliBaş komisarlığı ilə bölüşdürülüb. Ona görə bütün onların hüquqlarının qorunması və yaxud onların sosial problemlərinin həll olunması da məhz BMT-nin Qaçqınlar üzrə Ali Baş komisarlığının həyata keçirdiyi proqramlarla mümkün olur. Qalan miqrant kateqoriyaları ilə Azərbaycan höküməti özü məşğul olur. Ona görə onlarla bağlı ciddi bir problem demək olar ki, yoxdur. Tutaq ki, əməkçi miqrantlar Azərbaycana gəlirlərsə sosial problemləri onları işə dəvət edən iş adamı və yaxud sturktur həyata keçirir və Azərbaycan höküməti də buna nəzarət edir. Eləcə də vətəndaşlığı olmayan şəxslər bunlar da Azərbaycan höküməti onlara müəyyən bir şərait yaradıb ki, bunlar Azərbaycan vətəndaşlığı almaq üçün müraciət eləsin. Xüsusən bütün bunlar Dövlət Miqrasiya Xidmətinin vasitəsilə həyata keçirilir. Onlara dil kurslarının təşkil olunması, azərbaycan tarixi ilə kursların təşkil olunması və yaxud onların müəyyən inteqrasiya proqramlarında iştirakı bütün bunların hamısına təbii ki, artıq DMX nəzarət edir. Bu saat Azərbaycanda demək olar ki, hələ də statusu müəyyən olunmayan və yaxud ciddi iş tələb olunmayan sahələrdən biri siyasi sığınacaq axtaran şəxslərdir ki, bu şəxslərlə bağlı Azərbaycan höküməti özü elə bil ciddi iş görmür. Bütün bu səlahiyyəti BMT-nin Qaçqınlar üzrə AliBaş komisarlıqla bölüşüb. Demək olar ki, sağlamlıqla bağlı məsələlər təbii ki, hökümət tərəfindən həll olunur. Ancaq onun həyatına təhlükə yaranarsa, və yaxud onun digər ölkəyə getməsi məsələləri müzakirə olunarsa təbii ki, BMT-nin Qaçqınlar üzrə Komisarlığı bunu BMT-nin Miqrasiya idarəsinə verir. Onların məsələsinə Beynəlxalq Miqrasiya İdarəsi məşğul olur. Bizdə daha çox çalışırlar ki, siyasi sığınacaq axtaran şəxsləri öz ölkələrinə qaytarsınlar. Eyni zamanda bu hallar mövcud olmadıqda onları müəyyən yerli inteqrasiya proqramları cəlb edirlər. Azərbaycanda uzun illərdir ki, 15-20 ilə yaxındır ki, hətta belə keçən çeçen müharibəsindən qalan qaçqınlar var. Onlar burada qeyri-müəyyən statusla Azərbaycanda yaşayırlar və ailə qururlar bəzən.
Azərbaycanın özünün qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir
Nəzərə alsaq ki, Azərbaycanın özünün qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir. Azərbaycan höküməti bu məsələləri demək olar ki, özü öz büdcəsi hesabına, və yaxud birbaşa həyata keçirib. Bəzən artıq 2000-ci ildən bu yana Azərbaycana artıq kütləvi şəkildə beynəlxalq yardım dəstək azalıb. Azərbaycan höküməti bütün bunların hamısını özünün neft büdcəsindən əldə etdikləri gəlir hesabına edir. Ona görə Azərbaycanda ümumiyyətlə qaçqınlara digər ölkələrdən olan qaçqınlara münasibət belə tam mənada isti olmasa da, hər halda hökümət çalışırdı nəsə etməyə. Ona görə əsas məsələ odur ki, onların hüquqları ilə bağlı qeyri-müəyyənlik var. Bu əsas problemlərdən biridir. Göründüyü kimi ölkədə 1200-1300 sığınacaq axtarmaq üçün şəxs var. Əsas diqqət yetiriləsi kateqoriya bunlardır. Onların müdafiəsi üçün iş tam aydın deyil. Təbii ki, insanın Azərbaycanda statusu yoxdursa o digər miqrant vətəndaşlar kimi səlahiyyətlərə malik deyil. Ona görə bu çox ciddi məsələdir. Misal üçün Bakıya gələn əməkçi miqrantlarla sığınacaq axtaran şəxslərin statusu arasında fərq çox böyükdür. Əməkçi miqrant ölkəni istədiyi vaxt tərk edib gələ bilir. Ancaq sığınacaq axtaran şəxs hələ status almadığı üçün ona Azərbaycan Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsi verilmir. O qeyri- müəyyən statusunun demək olar ki, əlində BMT-nin Qaçqınlar üzrə Komisarlığının verdiyi sənəd əsas keçərli sayılır.
Bakıda məcburi köçkün həyatı yaşayan Atlas xanım...
Ağdam rayonundan məcburi köçkün müəllimə Atlas Hüseynova deyir ki, Azərbaycanla Ermənistan arasında baş verən müharibə nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkün didərgin düşüb. O bir milyonun içində onun da ailəsi var.
Biz Ağdam rayonundan məcburi köçkün düşdük. 1993-cü ildə Ağdam işğal olundu. Bu, təbii ki, bizim həyatımıza çox böyük dəyişikliklər yaratdı. Təsəvvür edin min bir əziyyətlə qazanılmış ev, əmlak, bir gecənin içində hər şeyi itirdik. Çönüb geriyə baxanda görürsən ki, heç nəyin qalmayıb. Bu dəhşətli bir hadisədir. İndi müəyyən illər keçib. Biz deyirik zaman məhək daşıdır, yaraları sağaldır. Əslində o yaralar sağalmayıb, qaysaq bağlamışdır. ”
Bütün bu illər ərzində dövlətdən heç bir yardım almamışıq
Atlas Hüseynova söyləyir ki Ağdam tutulan zaman atışma olanda qadınları,qızları yaşlıları şəhərdən çıxarırdılar. Rayonun işğalından sonra yaxın olsun deyə Gəncədə məskunlaşıblar.
“ Yeddi ildən sonra Bakıya yerləşdik. Bakıda yaşasam da ,işləsəm də yuxularım Ağdamla bağlı olub. Düzdü, ölkənin müxtəlif regionlarına səpələnmiş qaçqınlara, məcburi köçkünlərə yerli sakinlər evlərini açdılar, yer verdilər, kömək durdular.Amma hadisələrə hamı eyni baxış bucağından baxmırdı.Torpağı niyə qoyub qaçmısız deyənlər ,ağız büzənlər də tapılırdı, aşağılayanlar da var idi. Bütün bunlar yurdsuzluq, evsizlik, torpaq itkisi, vətəndə vətənsiz olmaq bizi mənən öldürdü. Siz bilirsiz nə qədər məcburi köçkün vaxtsız-vədəsiz dünyalarını dəyişdilər? Şəxsən mən bütün yaxınlarımı-anamı, bacımı,qardaşlarımı itirmişəm. Bunlar mənim şəxsi itkilərimdir. Mənim anam ölən gününə qədər evinin açarlarını saxlayırdı. İndi işğaldan azad olmuş Ağdamda daş üstə daş qalmayıb. Mənim doğma kəndim Muğanlıda evlərimizin yerini şumlayıb arpa əkiblər.Yəni evimizin yeri belə bilinmir.Fikirləşirəm ki ,anam bu nu görsə ürəyi partlayardı. Bütün bu illər ərzində dövlətdən heç bir yardım almamışıq. Çünki bizim ailə məcburi köçkünlərin kompakt yaşadığı yerlərdə yaşamayıb. İndi də elə gözləntim yoxdur. Sadəcə istəyirəm ərazi minalardan təmizlənsin, təhlükəsizliyimiz təmin olunsun, rahat gedib yaşaya bilək. Nigaran ruhlarımız sevinsin.”
Bu ilin oktyabr və noyabr ayları təhlükəsizlik baxımından Azərbaycan üçün çox həssas bir dövr olmuşdur
Beynəlxalq Miqrasiya Təşkilatının BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevin 18 dekabr Beynəlxalq Miqrant Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov və BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Georgiyevin birgə video müraciəti olub.
Vladimir Georgiyevin sözlərinə görə, hazırda dünyada milyonlarla miqrant var. Bu miqrantların sırasına Azərbaycandan olan miqrantlar da daxildir .
“Qeyd etməliyəm ki, Azərbaycandan kənarda təqribən 1 milyon azərbaycanlı miqrant yaşayır ki, onlar da əsasən Rusiya, Türkiyə kimi qonşu ölkələrdə eləcə də Avropa regionunda, ABŞ, Kanada və başqa ölkələrdə məskunlaşmışlar. Bu gün burada tərəfdaş olaraq dayanmaq, cəmiyyətə və miqrantlara onların hər hansı ehtiyaclarının təmin edilməsində dəstək verməyə hazır olduğumuzu göstərmək və həmrəylik nümayiş etdirmək olduqca vacibdir. ”
Miqrantların peyvənd kvotasına daxil edilməsi zəruridir
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri deyir ki, miqrantlar da cəmiyyətin bir hissəsidir və onların da nəzərdə tutulan peyvənd kvotasına daxil edilməsi zəruridir.
“Bu il hamımız üçün çətin bir il oldu. Bundan əlavə, COVİD-19 –la yanaşı, bu ilin oktyabr və noyabr ayları təhlükəsizlik baxımından Azərbaycan üçün çox həssas bir döv olmuşdu. Sevindirici haldır ki, bu vəziyyət müsbət sonluqla bitdi və düşünürəm ki, indi irəliyə baxmaq bu gözəl ölkənin sülh şəraitində inkişafına və gələcəyinə töhfə vermək vaxtıdır. Dövlət Miqrasiya Xidməti ilə yanaşı bütün müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti və özəl sektorla birgə miqrantların rifahı üçün fəaliyyətimizi davam etdirəcəyimizə ümid edirəm" - deyə, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri vurğulayıb.
Azərbaycanda yaşayan əcnəbilərin narahatlıqları, onların hüquqlarının müdafiəsi daim dövlət siyasətinin prioritet istiqaməti olmuşdur
Dövlət Miqrasiya Xidmətinin rəisi III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov müraciətdə qeyd edib ki, bu günün əsas məqsədi miqrantların hüquqlarının, maraqlarının müdafiəsi və onları narahat edən məsələlərə ictimaiyyətin diqqətin artırılmasıdır.
Onun fikrinə görə ölkədə yaşayan əcnəbilərin narahatlıqları, onların hüquqlarının müdafiəsi daim dövlət siyasətinin prioritet istiqaməti olub.
Vüsal Hüseynov deyir ki, 2020-ci il bütün dünya üçün çağırışlarla yüklü bir il olmuşdur və qlobal Covid-19 pandemiyasının ən çox təsir etdiyi sahələrdən biri miqrasiya sahəsi olub.
"Çünki beynəlxalq sərhədlərə tətbiq edilən məhdudiyyətlər, sosial təcrid tədbirləri dünya üzrə insanların yerdəyişmə səviyyəsini minimuma gətirib çıxarmışdır. Belə bir şəraitdə miqrantların hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət tərəfindən bu pandemiya ilə həyata keçirilən mübarizə tədbirlərinin əsas məqsədlərindən biri də, həmçinin ölkəmizdə yaşayan əcnəbilərin bu pandemiyanın mənfi təsirlərini minimum hiss etməsidir. Dövlət Miqrasiya Xidməti tərəfindən də bu siyasətə uyğun olaraq, xidmətlərin təkmilləşdirilməsi, xidmətin gücləndirilmiş rejimdə işləməsi, məsafədən müraciət imkanlarının yaradılması, kənara çıxarılmaların dayandırılması, ölkədə olan əcnəbilərin leqallaşdırılması və xüsusilə həssas qruplara dəstək tədbirlərinin keçirilməsi diqqətdə saxlanmışdır" - deyə, o bildirib.