Minskdə hakimiyyətin keçidi üzrə koordinasiya şurası təqdim edilib

Avqustun 18-də Belarus prezidentliyinə namizəd Viktor Babarikonun qərargahında jurnalistlərə "Hakimiyyətin ötürülməsi üzrə Koordinasiya Şurasının" tərkibi təqdim edilib.

Belarus və xarici medianın onlarla nümayəndəsi Mariya Kolesnikova (prezidentliyə namizəd Svetlana Tixanovskayanın nümayəndəsi), Olqa Kovalkova (Tixanovskayanın vəkili), Maksim Znak (Viktor Babarikonun qərargahının vəkili), Sergey Dılevskiyə (Minsk Traktor Zavodunun tətil komitəsinin rəhbəri) və Pavel Latuşkoya (Yanka Kupala Teatrının işdən çıxarılan direktoruna) suallar ünvanlayıb.

Üzvlərinin idarəetmə orqanlarını seçəcək Koordinasiya Şurasının ilk işçi iclası avqustun 19-u bir araya gələcək.

Şura üzvləri Aleksandr Lukaşenkonun onların hakimiyyəti ələ keçirməyə çalışdıqları barədə açıqlaması ilə razılaşmayıblar və onun müxalifətlə dialoqa razı olacağına ümid etdiklərini bildiriblər. Əks təqdirdə, Koordinasiya Şurası üzvlərinin bildirdiyi kimi, onlar digər dövlət adamlarına və güc strukturlarının yüksək vəzifəli şəxslərinə böhrandan çıxış yollarının birgə müzakirəsinə başlamaq xahişi ilə müraciət edəcəklər.

Şura üzvləri xüsusən də, ən yüksək dövlət orqanlarının işinin yavaşladığını, mövcud təlimat və göstərişlərin daha ləng icra edildiyini və ya ümumiyyətlə icra olunmadığını qeyd ediblər.

Avqustun 17-də Belarus müxalifətçisi Svetlana Tixanovskaya illərdir ölkəni idarə edən prezident Aleksandr Lukaşenkonun mübahisəli seçkilərin qalibi elan edilməsinin kütləvi etirazlara səbəb olmasından sonra ölkənin lideri olmağa hazır olduğunu deyib.

Bazar ertəsi daha bir səsvermə keçirilməsindən imtina edən Lukaşenko hökuməti paylaşmağı düşündüyünü, lakin bunu küçə etirazlarının təzyiqi altında etməyəcəyini bildirib.

Onun seçkilərdəki rəqibi Litvadan yayımlanan video mesajında bunları deyib: "Biz hamımız 26 il əvvəl düşdüyümüz düyündən qurtarmaq istəyirik. Mən bu dövrdə məsuliyyəti öz üzərimə götürməyə və ümummilli lider olmağa hazıram. Vəziyyəti sakitləşdirmək və normal həyata qayıtmaq, siyasi məhbusları azad etmək və ən qısa müddətdə qanunverici bir baza yaradaraq, yeni prezident seçkilərinin təşkili üçün şərait yaradılmalıdır. Beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul ediləcək həqiqi, dürüst və şəffaf seçkilər keçirilməlidir".