Minsk qrupunun həmsədrləri Bakıdadır

Azərbaycanın işğal olunmuş əraziləri

Həmsədrlərin Bakıda kimlərlə müzakirə apardığı barədə hələ məlumat verilmir
ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Tərtər rayonunda qoşunların təmas xəttində ATƏT-in monitorinqi zamanı cəbhə xəttini keçərək Bakıya gəlib. Həmsədrlər bundan öncə Yerevan və Dağlıq Qarabağda olub.

Amerikanın Bakıdakı səfirliyindən Amerikanın Səsinə bildiriblər ki, amerikalı həmsədr Ceyms Uorlik başqa həmsədrlərlə birgə bu gün Azərbaycanın dövlət rəsmiləri ilə görüşüb. Amerikalı həmsədr mayın 20-də Bakını tərk edəcək.

Azərbaycanın rəsmi qurumları Minsk qrupunun həmsədrlərinin kimlərlə görüşdüyü barədə rəsmi məlumat yaymayıb. Adətən həmsədrlər prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşürdülər, lakin onlar hər ikisi mayın 18-də Vyetnama səfərə gedib.

Qeyd edək ki, nümayəndə heyəti ilə birlikdə Minsk Qrupunun Fransalı yeni həmsədri Pyer Andio da gəlib. O, bu vəzifədə Jak Foru əvəz edəcək

APA agentliyinin məlumatına görə isə mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəyə keçəndən sonra ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib ki, səfərlərində əsas diqqət Laçın və Kəlbəcər rayonlarına baş çəkməyə yönəlib.

İ. Popov bildirib ki, bütün rayonları hələ görməyən amerikalı həmsədr də bu səfərdə iştirak edib. “Biz yerli administrasiya nümayəndəliyi və rəhbərliyi ilə söhbətlər apardıq. Təmas xəttindəki hərbçilərlə də çoxsaylı məsələlər müzakirə edildi. Təmas xəttini keçmək qarşımızda duran əsas vəzifələrdən biri idi”.

Fransalı sabiq həmsədr Jak For isə 3 il ərzində ATƏT-in Minsk qrupunda həmsədrlik etdiyini xatırladıb. “Mən bu məsələ ilə çox yaxından məşğul olmuşam. Nəinki bizim komandanın, o cümlədən bizim ölkənin, prezidentimizin siyasəti bundan ibarətdir ki, münaqişənin həlli üçün tərəflərə əlimizdən gələn köməkliyi etməliyik. Missiyamın sonunda hər kəsə uğur və sülh arzulayıram”.