ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanat yayıb

ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibinin müavini Stefen E. Bieqan və Fransanın Avropa və xarici işlər naziri Jan-İv Le Drian) Azərbaycan Respublikası Prezidenti, Ermənistan Respublikası Baş Naziri və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi fəaliyyətin dayandırılmasını alqışlayıb.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı və Azərbaycanı 9 noyabr bəyanatına əsasən Dağlıq Qarabağ və ətraf rayonlarda öz öhdəliklərini və əvvəlki atəşkəs öhdəliklərini yerinə yetirməyə davam etməyə çağırıb.

Həmsədr ölkələr Rusiya Federasiyasının Azərbaycan və Ermənistanla razılığa gələrək hərbi əməliyyatların yenilənməməsinə zəmanət vermək üçün gördüyü tədbirlərin əhəmiyyətini vurğulayıb.

Bundan əlavə bütün xarici muzdluların bölgəni tam və sürətli bir şəkildə tərk etmələrini tələb edib və tərəfləri bu prosesi asanlaşdırmağa çağırıb.

Həmsədr ölkələr Ermənistan və Azərbaycana beynəlxalq humanitar hüququn tələblərini, xüsusən də əsirlərin mübadiləsi və cəsədlərin qaytarılması ilə bağlı öhdliklərini xatırladıb.

Son döyüşlər də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş insanların könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıdışı üçün şərtlərin təmin edilməsinin vacibliyini vurğulayıb.

Dağlıq Qarabağda və ətrafında tarixi və dini irsi abidələrin qorunmasının mühümlüyünü önə çəkib.

Həmsədr ölkələr Azərbaycan və Ermənistanı bu sahələrdəki öhdəliklərini yerinə yetirmək və humanitar vəziyyəti təmin etmək üçün müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığa çağırıb.

Həmsədrlər Ermənistanı və Azərbaycanı həmsədrlərin himayəsi altında davamlı sülh sazişi üzrə danışıqlar üçün mövcud atəşkəsdən istifadə etməyə səsləyib.