Minatəmizləmə Agentliyi: 7086 piyada əleyhinə, 3574 tank əleyhinə mina, 7943 partlamamış hərbi sursat zərərsizləşdirilib

Mina təmizlənməsi

2020-ci il noyabrın 10-dan bu il aprelin 30-dək Azərbaycanın azad edilmiş ərazilərində piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 20 280 727 kvadrat netr (2 028 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumatında deyilir.

ANAMA-nin məlumatına görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 10 noyabrdan aprelin 30-dək mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb.

Rəsmi statistikaya görə, 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycan azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz mindən çox mina var.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.