Milli Şura: Yadigar Sadıqlının həbsi fərqli siyasi düşüncəyə qarşı repressiyanın tərkib hissəsidir

Yadigar Sadıqov

Müsavat başqanının müşaviri 6 il həbsə məhkum edilib
Milli Şura Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı haqqında Lənkəran rayon məhkəməsinin hökmünü pisləyən bəyanatla çıxış edib.

Demokratik Qüvvələrin Milli Şurasının mətbuat xidmətindən Amerikanın Səsinə daxil olan sənəddə deyilir ki, Milli Şura Yadigar Sadıqlı başda olmaqla qanunsuz həbsdə olan bütün siyasi məhbusların dərhal və qeyd şərtsiz azadlığa buraxılmasını bir daha tələb edir. “Milli Şura olaraq məhkəmənin qərarını qətiyyətlə pisləyirik. Hesab edirik ki, bu addım hüquqa və məntiqə ziddir. 09 oktyabr seçkilərini saxtalaşdıraraq hakimiyyəti zəbt etmiş mövcud iqtidar öz rəqiblərindən qisas almaq üçün insanları şərləmək və həbsə atmaq siyasətini davam etdirir. Məqsəd insanların gözünü qorxutmaq, onları siyasi fəaliyyətlə məşğul olmaqdan uzaqlaşdırmaqdır. Milli Şura hesab edir ki, Yadigar Sadıqlının qanunsuz həbsi fərqli siyasi düşüncəyə malik insanlara qarşı aparılan repressiyanın tərkib hissə olmaqla yanaşı onun haqqında çıxarılan bu günkü məhkəmə hökmü də absurd və gülüncdür. Bu qərar Azərbaycan məhkəmələrində hüquq nihilizmin baş alıb getdiyini göstərir”, bəyanatda qeyd edilir. .

Yanvarın 13-də Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Yadigar Sadıqlı məhkəmənin qərarını siyasi sifariş hesab edir.