Milli Şura: Son həbslər azad sözün boğulması və qisasçılıqdır

Cəmil Həsənli

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) jurnalist Xədicə İsmayıla qarşı yeni ittihamları və siyasi fəalların uydurma ittihamlarla həbsini qətiyyətlə pisləyib.

X.İsmayılova mənimsəmə, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub.

“Milli Şura bu həbsi azad sözün boğulması və qisasçılıq kimi qiymətləndirir, jurnalistə qarşı irəli sürülən bu ittihamlarıabsurd və cəfəngiyat hesab edir”, - bəyanatda deyilir.

Həmçinin Milli Şura Mingəçevirdə AXCP fəalı Qadir Xudabaxşıyevin qanunsuz silah saxlamaq, siyasi mühacir Tural Sadıqlının qardaşı Elgiz Sadıqlının narkotik maddə saxlamaq ittihamı ilə həbs olunmasını pisləyir. Bu həbs İlham Əliyevin Almaniya səfəri zamanı Berlində siyasi mühacirlərin keçirdikləri etiraz aksiyasına hakimiyyətin adekvat cavabıdır.

Milli Şura diqqəti ona yönəldir ki, “həbslər və repressiyalar hakimiyyətin bir qrup müxalifət lideri ilə görüşü” ərəfəsində baş verir.

“Odur ki, hakimiyyətin dialoq çağırışları imitasiyadan, cəmiyyəti aldatmaq cəhdindən başqa bir şey deyil”, - bəyanatda qeyd olunur.