20 Yanvar Ümumxalq Hüzn Günündə Milli Şuranın tərəfdarlarının Şəhidlər Xiyabanını ziyarəti zamanı iyirmidən çox fəal saxlanılıb. Onlardan 8 nəfəri barədə məhkəmələr qərar çıxarıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) Amerikanın Səsinə bildiriblər ki, Yasamal Rayon Məhkəməsi bu partiyanın fəalları Ramin Əhmədova 22 sutka, Həsənəli Baxşəliyevə 10 sutka, İlqar Quliyevə 21 sutka, İsrafil Ələkbərzadəyə 21 sutlka, Bəxtiyar İmanov, Ruslan Əmirova və bitərəf Coşqun Cəfərova 20 sutka, Suraxanı Rayon Məhkəməsi isə AXCP fəalı Ayaz Məhərrəmova 25 sutka inzibati həbs verib.
Yasamal Rayon Məhkəməsi həmçinin AXCP fəalı Amil Məmmədzadəni 200 manat cərimə edib, Həsən Həsənov adlı şəxsi isə xəbərdarlıq edərək azad buraxıb.
AXCP-nin digər fəalı Tofiq Məmmədovun işinə isə Nəsimi Rayon Məhkəməsi baxıb.
Your browser doesn’t support HTML5
AXCP-nin məlumatına görə, üzvləri Rəşid Turabov, Süleyman Məhərrəmov, Faiq Nağıyevlə bağlı hələ hər hansı məlumat ala bilmirlər.
AXCP həmçinin dünən azad buraxılan fəalların bu gün yenidən polisə çağırıldığını bildirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend agentliyinə deyib ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb. Lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib:
Şəhidlər Xiyabanında qarşıdurma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub.Ehsan Zahidov, Daxili İşlər Nazirliynin mətbuat xidmətinin rəisi
"Bu gün də bir qrup şəxs Şəhidlər Xiyabanında qarşıdurma yaradaraq ictimai asayişi kobud şəkildə pozublar. Bu da şəhidlərimizi ziyarətə gələn insanların haqlı narazılığına səbəb olub. Polisin həyata keçirdiyi qətiyyətli tədbirlər nəticəsində qarşıdurma yaradan bir qrup şəxs saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Şəhidlər Xiyabanında qarşıdurma yaradan şəxslər ötən gün asayişi pozmağa cəhd edən şəxslər olub. Hazırda həmin şəxslərlə bağlı araşdırma aparılır və araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüququ qiymət veriləcək."
Ehsan Zahidov saxlanılan şəxslərin sayını və adlarını açıqlamasa da, araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirib.
Yanvarın 20-də Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanın ziyarəti zamanı Milli Şuranın tərəfdarları ilə polis arasında insident baş verib.
Hadisənin şahidləri Amerikanın Səsinə bildirib ki, polis Bakıda Parlament prospektinin başlanğıcında toplaşmış Milli Şuranın minlərlə tərəfdarını iki saatadək gözlətdikdən sonra toplum halında Şəhidlər Xiyabanı istiqamətinə buraxmayıb. İnsident bundan sonra baş verib.
Milli Şuranın yanvarın 19-da “Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə keçirilən mitinqində çoxsaylı insan iştirak edib. Çıxışlarda hökumətin fəaliyyəti kəskin tənqid edilib. İştirakçılar Milli Şuradan daha böyük meydanlarda etiraz aksiyaları keçirilməsini tələb edib.