“Biz Milli Şura olaraq demokratik dünyaya, onların rəsmi dövlət qurumlarına, Bakıdakı səfirliklərinə müraciət edirik: bu natəmiz əməllərdə iştirak etmiş Azərbaycan məmurlarını öz ölkələrinizə buraxmayın, dinc vətəndaşlara qarşı zor tətbiq edən, işgəncə verən polis işçilərinə, saxta iddiaları müdafiə edən prokurorlara, məhkəmələri cəza orqanına çevirən hakimlərə, bütün bu qanuna zidd əməllərə göstəriş verən prezident aparatının rəsmilərinə, işgəncə faktını müdafiə edən deputatlara, jurnalistlərə ilk addım kimi viza verməyin, belə natəmiz əməl törədənləri öz ölkənizə buraxmayın, onların öz xalqının qanına bulamış, öz xalqına dəyənək qaldırmış çirkli əllərini sıxmayın.”
Milli Şura “dünya xalqlarına və hökumətlərinə” etdiyi müraciətində Azərbaycanda baş verən hüquq pozuntularına göz yummamağı və öz imkanları daxilində “natəmiz” əməllərə vasitəçi olan şəxslərə qarşı ölçülər götürməyə çağırıb.
Milli Şuranın bəyanatı geniş ictimai qınağa və hüquq müdafiəçiləri tərəfindən sərt təpkilərə səbəb olan polis reydindən sonraya təsadüf edir.
...Belə natəmiz əməl törədənləri öz ölkənizə buraxmayın, onların öz xalqının qanına bulamış, öz xalqına dəyənək qaldırmış çirkli əllərini sıxmayın.
İyunun 7-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binanın həyətinə gəlib.
Sakinlərin yerli mediaya verdiyi məlumata görə, polislər binada yaşayan bir neçə nəfəri saxlayıb. Sakinlər deyir ki, polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin qanunsuz hərəkətləri əks olunmuş videolar yayılıb.
“İyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndirib,” deyə Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
“Azərbaycanda polis vəhşiliklərinin həddi-hüdudu yoxdur. Əliyev rejimi dünyanın global pandemeya təhlükəsi ilə üz-üzə olduğu bir zamanda öz xalqına qarşı polis dəyənəyini işə salmışdır,” Milli Şuranın bəynatında bildirilir. “Azərbaycanda ailə-feodal rejimi bərqərar edildiyindən kleptokratik, korrupsioner Əliyev hakimiyyəti Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, təhlükəsizlik və məhkəmə orqanlarını xalqı əzmək alətinə çevirmişdir.”
Bəyanatda vətəndaşların “çılpaq formada adamların gözü qarşısında vəhşicəsinə döyülməsi” faktının Azərbaycan polis orqanlarının özləri tərəfindən yayılması xüsusi olaraq vurğulanır və baş verənlər İlham Əliyev hökumətinin cəmiyyətdə xof yaratmaq cəhdi kimi dəyərləndirilir.
“Biz Milli Şura olaraq Sizləri, ilk növbədə Qərb ölkələrinin hakimiyyət yetkililərini, ABŞ Dövlət Departamentini, Qərb ölkələrinin Bakıdakı səfirliklərini Azərbaycan vətəndaşlarına qarşı törədilmiş bu polis zorakılığına, ağır işgəncə faktlarına, insan ləyaqətinin alçaldılmasına səssiz qalmamağa, bu hadisədə əli olan Daxili İşlər naziri, onun müavinləri, onlara göstəriş vermiş digər vəzifəli şəxslərə öz ölkələrinizə viza verməməyə çağırırıq.”
"Biz demokratik dünyanın xalqlarına, vətəndaş cəmiyyəti institutlarına, insan hüquqları təşkilatlarına müraciət edirik: kleptokratik Əliyev rejiminin korrupsioner, rüşvətxor, insan haqlarını pozan, insan ləyaqətini alçaldan, günahsız adamların bədəninə elektrik cərəyanı verən məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı hökumətlərinizə təsir edin," Milli Iura demokratik Qərb dövlətlərinin vətəndaşlarına xitab edib. "Əliyev rejiminin transmilli korrupsiyası, insanları təqib etməsi, görünməmiş işgəncə əməlləri, korrupsiya pulları ilə Qərb ölkələrində vəzifəli şəxsləri satın alması, korrupsiya pulları ilə mülklər alması, ofşor hesablar saxlaması Sizlərin həyatı üçün də ciddi təhlükəyə çevrilir."
2012-ci ildə ABŞ Konqresinin qəbul etdiyi və Prezident Barak Obama tərəfindən qanuna imzlanmış Maqnitski Aktı 2009-cu ildə Moskva həbsxanasında həyatını itirmiş vergi mühasibi Sergey Maqnitskinin adını daşıyır. O vaxt həmin qanun Maqntiskinin ölümündə əli olan Rusiya rəsmilərini hədəf almışdı.
2017-cı ildən etibarən Qlobal Maqnitski Aktı kimi tanınan qanun bütün dünya boyu insan haqlarını pozan dövlət rəsmilərinə şamil edilir.
SEE ALSO: 2,8 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' (Jurnalist araşdırması)Qanun ABŞ hökumətinə insan haqlarını pozan rəsmilərin və məmurların bank hesablarını dondurmaq və onlara ABŞ-a daxil olmağı qadağan etmək səlahiyyəti verir.
Maqnitski Aktının qara siyahısında Rusiya, Səudiyyə Ərəbistanı və Türkiyə rəsmiləri yer alır.
İnsan haqları qruplarının nominasiyalarına baxmayaraq, hələ ki, Azərbaycan rəsmiləri arasında bu sanksiyaların tətbiq olunduğu yüksək rütbəli rəsmi şəxs yoxdur.