Milli Məclis “Media haqqında” qanunu qəbul edib - müxtəlif baxışlar

media

Bu gün, dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Hökumətin bu addımı onsuz da Azərbaycanda jurnalistikanın və media azadlığının vəziyyətini yaxşılaşdırmayacaq, bir az da pisləşdirəcək.
Ələsgər Məmmədli, ekspert

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə deyib ki, Milli Məclis qanunu media ictimaiyyətinin ciddi etirazlarına baxmayaraq, iki incə detal istisna olmaqla, olduğu kimi qəbul edib. Bu detallar, platforma yayımçılarının məcburi lisenziya məsələsinin bir az yumşaldılaraq yalnız peykdə yayıma çıxmaq istəyən platforma yayımçılarının lisenziyasının saxlanılması, bir də jurnalistlərin və media qurumlarının hadisələri obyektiv şərh etməsi ilə bağlı tələbin, hadisələri obyektiv təqdim etməsi şəklində verilməsindən ibarətdir.

“Biz demişik ki, sənəddə çoxsaylı problemlər var. Həmin problemlərlə bağlı parlamentə qanunda qırxadək maddədə dəyişikliklər barədə təkliflər vermişdik. Təəssüf ki, həmin təkliflər nəzərə alınmayıb. Zatən, nəzərə alınmayacağı ilə bağlı ehtimal da yüksək idi. Çünki layihə ikinci oxunuşdan keçmişdi. Amma hesab edirəm ki, hökumətin bu addımı onsuz da Azərbaycanda jurnalistikanın və media azadlığının vəziyyətini yaxşılaşdırmayacaq, bir az da pisləşdirəcək. Sadəcə istər jurnalistlər, istər media subyektləri yeni qanundan doğan problemləri sürətli şəkildə məhkəmə müstəvisinə daşımalıdır və daxili yollar bitdikdən sonra bunu sürətlə Avropa Məhkəməsi yurisdiksiyası altına çıxarmalıdır. Qanunun keyfiyyətsizliyini Avropa Məhkəməsi də təsdiq etdiyi halda, artıq alternativ yol qalmaz, yeni qanunun qəbulu üçün düşünülə bilər. Biz, əlbəttə, bunu zaman baxımından gözləmədən Azərbaycan mediasına hansı qanun lazmdırsa, onun nümunəsini də hazırlayıb cəmiyyətə təqdim edəcəyik ki, görsünlər ki, əslində hansı real sənədə ehtiyac var,” Məmmədli Amerikanın Səsinə deyib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Media haqqında” yeni qanunun qəbulunu mənfi qarşılayır.

Yeni qanun daha çox Azərbaycan hakimiyyəti ilə cəmiyyət arasında informasiya münasibətlərinin sərtləşməsi deməkdir.
Mehman Əliyev, Turan Agentliyinin direktoru

“Çünki qanun əslində Azərbaycan informasiya cəmiyyətinin fəaliyyətini daha çox məhdudlaşdırmağa yönəlib. Bu həm də dövlətin informasiya cəmiyyəti üzərində nəzarətinin güclənməsindən xəbər verir. Yeni qanun daha çox Azərbaycan hakimiyyəti ilə cəmiyyət arasında informasiya münasibətlərinin sərtləşməsi deməkdir,” o qeyd edib.

Müstəqil araşdırmaçı jurnalist Xədicə İsmayıl Amerikanın Səsinə deyib ki, qanunda reyestrlə bağlı tələblər onu jurnalist kimi tanımır.

Belə jurnalistika olur? Artıq bunun adı jurnalistika olmur. Bunun adı mirzəlikdir.
Xədicə İsmayıl, müstəqil araşdırmaçı jurnalist

“Mən bir dəfə artıq bu yolu keçmiş jurnalist kimi deyim ki, o zaman mənə qarşı qanunsuz sahibkarlıq ittihamı irəli sürüləndə bu, qanunda əksini tapmamışdı. İndi qanunda qarmaq salacaq yerlər var. Yəni, indi araşdırmamı yəqin ki, apara bilərəm. Amma jurnalsit sorğularıma cavab verməyəcəklər. Tutaq ki, bu çətinliklərə baxmayaraq araşdırmamı apardım. Sonra araşdırma məhsulumu satıb qonorar almalıyam. Mən o qonorarı qanuni şəkildə ala bilməyəcəm. Çünki gərək məni reyestrə salsınlar, bizim münasibətlər reyestrdə tanınsın. Ondan sonra mən qanuni şəkildə işləyə bilərəm. Ondan başqa, əgər mən hüquq mühafizə orqanlarının deyək ki, “Nardaran əməliyyatı” ilə bağlı araşdırma aparmaq istəsəm, onda, gərək hüquq mühafizə orqanları ilə həmin məqalənin məzmununu və həcmini razılaşdıram. Belə jurnalistika olur? Artıq bunun adı jurnalistika olmur. Bunun adı mirzəlikdir. Mən də onunla məşğul olmaq istəmirəm,” o Amerikanın Səsinə deyib.

Milli Məclisin deputatı, iqtidarda olan “Yeni Azərbaycan” Pariyasının üzvü Aydın Mirzəzadə Amerikanın Səsinə deyib ki, yeni qanun layihəsi geniş ictimai müzakirədən keçib, müxtəlif media nümayəndələri qanunun təkmilləşdirilməsinə öz töhfəsini verib.

Bir tərəfdən qanunun mürtəce olduğunu deyirlərsə, digər tərəfdən açıq şəkildə cəmiyyətdə öz fikirlərini yaya bilirlər. Yəni, onların dedikləri ilə, onların fəaliyyəti ziddiyət təşkil edir. Əgər, qanun mürtəcedirsə, onlar necə fəaliyyət göstərə bilirlər?
Aydın Mirzəzadə, Milli Məclisin deputatı

“Hesab edirəm ki, qanun ümumən media-dövlət, media-cəmiyyət münasibətlərini tənzimləyəcək. Yəni, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etmir,” o qeyd edib.

Mirzəzadə bir çox media nümayəndələrinin və ekspertlərin “yeni qanunun ölkə konstitusiyası, Avropa İnsan Haqları Konvensiyası ilə ziddiyət təşkil etməsi, çox mürtəce olması” barədə iddiaları ilə bağlı sualın cavabında deyib ki, onlar Azərbaycan Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

“Onlar qanunun konstitusiya ilə ziddiyyət təşkil etdiyini hesab edirlərsə, qanunun konkret maddələrinin konstitusiyanın hansı maddələrinə zidd gəldiyini məhkəməyə bildirmək hüququna malikdirlər. Yəni, məsələnin çox sadə bir həll yolu var. Bir tərəfdən qanunun mürtəce olduğunu deyirlərsə, digər tərəfdən açıq şəkildə cəmiyyətdə öz fikirlərini yaya bilirlər. Yəni, onların dedikləri ilə, onların fəaliyyəti ziddiyyət təşkil edir. Əgər qanun mürtəcedirsə, onlar necə fəaliyyət göstərə bilirlər? Nə cür açıq fikir bildirə bilirlər? Yox, açıq fikir bildirə bilirlərsə qanunu necə mürtəce adlandıra bilirilər?” Mirzəzadə Amerikanın Səsinə deyib.