Milli Məclisin deputatı Azay Quliyev qaz sayğacları ilə bağlı yaranmış problemin araşdırılması üçün işçi qrupu yaratmağı təklif edib.
Deputat Milli Məclisin bu günki plenar iclasında bildirib ki, qaz sayğacları ilə bağlı yaranan problem haqqında çoxlu şikayətlər daxil olur. Onun sözlərinə görə, “Azəriqaz” QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır.
"Şikayətələrin məzmunu budur ki, mexaniki-elektron sayğacların yazdığı vəsait faktiki sərfiyyatdan fərqlənir və nəticədə vətəndaşlar istifadə etmədikləri təbii qaza görə əlavə vəsait ödəməli olurlar.
Düzdür, bu məsələ ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi müəyyən açıqlama verdi, əlbəttə, verilən izahat qəbul etmək olar, ancaq bundan sonra da eyni məzmunlu şikayətlərin sayı azalmadı.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, Mənzil Tikinti kooperativləri tərəfindən qanunsuz olaraq sayğaclar sakinlərə pulla satılır,” o qeyd edib.
Deputat hesab edir ki, “Azərqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət bir komissiya yaradılmalı və məsələ şəffaf şəkildə birgə araşdırılmalıdır.
“Bundan başqa şəffaflığı artırmaq və ictimai nəzarəti təmin etmək üçün kommunal xidmətlər göstərən bütün qurumlarda, xüsusilə təbii inhisar subyektlərində İctimai şuralar yaradılsın. “İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların yaradılması imperativ qaydada yalnız mərkəzi, yerli və özünüidarəetmə orqanlarının üzərinə vəzifə kimi qoyulur, lakin ehtiyac olarsa, qanunvericiliyə müvafiq dəyişiklik etmək olar ki, bu qurumlarda da ictimai nəzarət mexanizmi təmin edilsin. Məncə biz qanunvericilikdə bu dəyişikliyə getməliyik,” deputat bildirib.
Son zamanlar “Azəriqaz” İstehsalat Birliyinin Smart tipli qaz sayğaclarını mexaniki qaz sayğacları ilə əvəz etməsi istehlakçının narazılığı ilə qarşılanıb. Bir sıra abonentlər yeni mexaniki sayğacların sərfiyyatı olduğundan artıq qeydə aldığını bildirir.
"Azəriqaz” İstehsalat Birliyi bildirib ki, son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti başa çatmış smart-kart tipli sayğacların mexaniki-elektron sayğaclarla əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşır.
Bunları nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi “Açıq qapı” günləri elan edib.
Ekspertlər də mexaniki sayğaclara keçidi tənqidlə qarşılayıb.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, belə yanaşma doğru deyil.
“Cəmiyyətin narahatçılığı ondan ibarətdir ki, bütövlükdə “Azəriqaz”ın qaz sərfiyyatını hesablamaqla bağlı qurduğu nəhəng sistem-infrastruktur üzərində dövlət və ictimai nəzarət təkmilləşdirilməlidir.”
O hesab edir ki, hazırdakı situasiya maraqların toqquşması baxımından çox risklidir və istehlakçının aldadılacağından şübhələnməsi üçün ciddi əsaslar var.
“Xidməti təqdim edən özü sərfiyyatı ölçmək üçün xaricdən istədiyi sayğacı alır. Sayğaca əlavə qurğuları özü qoşur, "Ölçmələrin vəhdəti haqqında" qanuna uyğun olaraq sayğacların ölçmə sınaqlarında maraqlı tərəflər təmsil olunmur, aidiyyatı qurum və özü iştirak edir. Məlumatları sayğacdan özü oxuyur. Toplanan informasiyaları özü kanalları ilə öz mərkəzinə ötürür. Bu informasiyanı özünün özəl proqram təminatı ilə yenidən öz mərkəzində, öz serverlərində emal edir. Bütün bunların sonunda istehlakçıya bildiriş verir,” o qeyd edib.