Milli Məclisin buraxılması ilə bağlı prezidentə müraciət olundu

Dekabrın 2-də Milli Məclisin növbədənkənar iclası keçirilib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentə müraciət hazırlanıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədr müavini Bahar Muradova parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Azərbaycan Milli Məclisinin qərar layihəsini oxuyub.

Daha sonra qərar layihəsi səsverməyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər bitərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.

***

Dekabrın 2-də Milli Məclisin növbədənkənar iclası keçirilir.

İclasın gündəliyinə bir məsələnin daxil edildiyi bildirilir.

Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın hazırlanmasından ötrü redaksiya yaradılıb.

Bu barədə parlamentin iclasında spiker Oqtay Əsədov məlumat verib.

Toplantıda hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatların parlamentin buraxılması ilə bağlı dövlət başçısına müraciəti müzakirə edilməlidir.

Milli Məclisin bugünkü toplantısında YAP icra katibinin müavini Siyavuş Novruzov çıxış edib. O, qalan deputatları da onların müraciətinə qoşulmalarına səsləyib.

S.Novruzov da deyib ki, məqsəd islahatlara dəstək verməkdir.

Ötən həftə, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər.

YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Azərbaycan Milli Məclisi 125 deputatdan ibarətdir. Hazırda parlamentdə 118 deputat fəaliyyət göstərir. Deputatların 70 nəfəri hakim partiyanın üzvüdür.

Azərbaycan Respublikası Konstitusiyasının 98 (1)-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır.

Hüquqşünaslar hesab edir ki, hakim partiyanın üzvü olan 70 deputat mandatından imtina etdiyi halda yeni seçkilər təyin edilə bilər. Çünki konstitusiyaya görə, Milli Məclisin iclası 83 deputat iştirak etdikdə səlahiyyətlidir.

Hakim partiyanın üzvü olan 70 deputat mandatından imtina etdiyi halda parlamentin iclasının səlahiyyətli olması üçün lazım olan 83 deputat olmayacaq.

Qanunvericiliyə görə, Milli Məclisə yeni seçkilər azı 60 gün müddətində keçirilə bilər.