Haşim Tərlan və Azərbaycan Milli Hökümətində şairlərin rolu [Audio-Müsahibə]

Miyanalı Əlirza

"21 Azər" araşdırmaçısı Miyanalı Əlirza Amerikanın Səsinə danışır

Miyanalı Əlirza 1945-46-cı illərdə qurulmuş Azərbaycan Milli Höküməti dönəminin toplumunda şairlərin siyasətçilərdən daha çox nüfuza sahib olduğunu deyir.

Your browser doesn’t support HTML5

Miyanalı Əlirza şair Haşim Tərlanın irsi haqda danışır

“21 Azər” araşdırmaçısı şair və yazar Miyanalı Əlirza Amerikanın Səsi ilə söhbətdə ötən noyabr ayında vəfat edən Azərbaycan Milli Hökümətinin qurucularından olmuş şair Haşim Tərlanın şəxsiyyəti və yaradıcılığı haqda danışmış, ümumən ədəbiyyatçıların milli hökümətin təsisi, idarəsi və hökümət devrildikdən sonra onun təbliğ etdiyi dəyərləri yeni nəsillərə çatdırmaqda oynadıqları rolu dəyərləndirib.

Şair Haşim Tərlan (1923-2014)

Azərbaycan Milli Hökuməti dövrünü anladan “Silahla Ölçülən Torpaq” kitabının müəllifi 1945-46-cı illərdə güneydə türk dilində yazıb yaradan şair və ədəbiyyatçıların milli hökümətin müxtəlif sahələrində əsas rol oynayıb önəmli vəzifələr aldıqlarını vurğulayır.

“İctimai-siyasi cərəyanlarda hərəkatın xətti ədəbiyyatdan başlar. Çünki, ədəbiyyatın içində siyasi mahiyyət görünmədiyi üçün dövlətlər onun qarşısını alanmırlar... Azərbaycanda da bir çox ictimai hərəkat belə başlamış,” deyə Miyanalı Azərbaycan tarixində şairlər və ədəbiyyatçıların nüfuz sahibi olduğunu sadəcə milli hökümət dönəminə məhdud olmadığını önə çəkir.

Milli hökümət müxtəlif şəhərlərdə 50-ə yaxın qəzet çıxarmağa başladı, radioda türkcə proqramlar yayımlanırdı. Buralarda çalışmaq üçün şairlər və ədəbiyyatçılar lazim idi. Hökümət lideri Seyyid Cəfər Pişəvəri də mətbuatın ana dilində olmasını vurğulayırdı.
Miyanalı Əlirza

Miyanalı Əlirzanın sözlərinə görə, şairlər ən çox Milli Hökümət və Azərbaycan Demokrat Firqəsinin təbliğat sahələrində fəaliyyət ediblər.

“Xalq arasında təbliğat işləri ən çox şairlər və ədəbiyyatçılar tərəfindən aparılırdı. Ədəbiyyatçılar adətən siyasətçilərdən daha çox cəmiyyətdə görünürdülər, çünki, siyasilərin fəaliyyətləri daha çox gizli şəkildə olurdu,” deyə Kanadanın Vankuver şəhərində yaşayan güneyli şair irəli sürür.

O, bu mövzu ilə əlaqədar Azərbaycan Milli Hökümətinin Maarif Naziri vəzifəsini icra etmiş şair Məhəmməd Biriyanın ictimai xarakteri və fəaliyyətlərinə işarə edir.

“Misal üçün Biriyanı tribunal şair adlandırırlar. O, tribunlarda çıxış edirdi və xalq onu yaxşı tanıyır və qəbul edirdi. Hətta, mən deyərdim ki, xalq Biriyanı Seyyid Cəfər Pişəvəridən daha çox tanıyırdı. Pişəvərinin nüfuzu ziyalılar və hərəkat iştirakçıları arasında idi, Biriya kimi şairləri isə toplum içində nüfuz sahibi idilər,” deyə araşdırmaçı yazar dilə gətirir.

Azərbaycan Milli Hökümətinin Maarif Naziri şair Məhəmməd Biriya

“Milli hökümət müxtəlif şəhərlərdə 50-ə yaxın qəzet çıxarmağa başladı, radioda türkcə proqramlar yayımlanırdı. Buralarda çalışmaq üçün şairlər və ədəbiyyatçılar lazim idi. Hökümət lideri Seyyid Cəfər Pişəvəri də mətbuatın ana dilində olmasını vurğulayırdı,” deyə Miyanalı şairlərin mətbuat orqanlarında geniş fəaliyyət göstərdiyinə diqqət çəkir.

Miyanalı Əlirzanın dediklərinə görə, 91 yaşında vəfat edən Haşim Tərlan kimi milli hökümətdə iştirak etmiş şairlər hökümət devrildikdən sonra onun xatirəsini yaşadıblar. O, milli hökümət şairlərinin bu fəaliyyətinin olduqca önəmli və vacib olduğunu söyləyir.

Misal üçün Biriyanı tribunal şair adlandırırlar. O, tribunlarda çıxış edirdi və xalq onu yaxşı tanıyır və qəbul edirdi. Hətta, mən deyərdim ki, xalq Biriyanı Seyyid Cəfər Pişəvəridən daha çox tanıyırdı.
Miyanalı Əlirza

“Milli şüuru təkrarlamaqla yaşatmaq olar. Bu gün başqaları bizim tariximiz və kimliyimizlə ilgili həqiqəti olmayan sözləri təkrarlayırlar. Dilimizin adı üzərində belə dartışmalar gedir, biri Azəri, digəri isə Azərbaycan türkcəsi deyir, özümüz isə analarımızdan türkcə eşitmişik,” deyə araşdırmaçı bu gün güneydə milli dövlət və təhsil ocaqlarının mövcud olmadığı üçün milli hökümət xatirəsinin yaşadılmasının başlıca önəm daşıdığını qeyd edir.

Miyanalı Əlirza Amerikanın Səsi ilə söhbətdə yaxın dostu və “qocaman amma gəncə ürəkli” ifadəsi ilə vəsf etdiyi mərhum Haşim Tərlan xatirəsinə yazdığı şeiri də oxuyur:

Bir durna ayrıldı öz qatarından
Uzaq keçmişlərə apardı məni
Son kərə ardınca yola çıxmadım
O getdi, özümdən qopardı məni.

Qoparıb apardı elə yerə ki
Yolum keçid aldı nağıl dünyama
Bu yolda ürəyim səfərbər oldu
Ehtiyac duymadım ağıl dünyama...

Yoxdur onun kimi biri bağlasın,
Durna qatarına öz qanadını
Ağlı vaz keçsə də, sonadək ancaq
Ürəyi yaşadı öz inadını.
...

1945-46-cı illərdə Azərbaycan Milli Hökümətinin sıralarında yer almış dövrünün Şairlər Məclisinin üzvü Haşim Tərlan noyabrın 16-da Tehranda vəfat edib.