Amerikanın yüksək səviyyəli generalı çərşənbə günü Rusiya ordusunun Ukraynada 100 mindən çox əsgərinin öldürüldüyünü və yaralandığını təxmin etdiyini bildirib və əlavə edib ki, Kyiv silahlı qüvvələri də bu müharibədə "çox ehtimal ki," eyni səviyyədə itki verib.
Reuters bu təxminləri müstəqil olaraq təsdiq edə bilməyib.
Lakin general Mark Millinin açıqlaması təxminən doqquz aydır davam edən münaqişədəki itkilərlə bağlı ABŞ-ın dilə gətirdyi ən yüksək göstəricidir. Bu, Ukrayna ilə Rusiya döyüşlərinin potensial qış sakitliyi ilə üzləşdiyi bir vaxta təsadüf edir. Ekspertlərin fikrincə, bu sakitlik hansısa danışıqlar üçün fürsət ola bilər.
Ukraynada diplomatiyanın perspektivləri ilə bağlı suala cavab verən Milli qeyd edib ki, Birinci Dünya Müharibəsində danışıqlardan erkən imtina insan əzablarını artırıb və milyonlarla insan itkisinə səbəb olub.
"Beləliklə, danışıqlar aparmaq imkanı olanda, sülhə nail olmaq mümkün olanda, zamanı dəyərləndirin" - deyə, Milli Nyu York İqtisadiyyat Klubunda bildirib.
Çərşənbə günü səhər saatlarında Rusiya qoşunlarının Ukraynanın cənubundakı strateji əhəmiyyətə malik Xerson şəhəri yaxınlığından, Dnepr çayının qərb sahilindən geri çəkiləcəyini bəyan edib ki, bu, Moskva üçün əhəmiyyətli uğursuzluq deməkdir.
Bəzi ekspertlər filrincə, Moskvanın bu son uğursuzluğu Ukraynaya güclü mövqedən danışıqlar aparmağa imkan verə bilər. Digərləri isə hesab edir ki, Rusiya bu danışıqlardan öz qüvvələrini yaz hücumu üçün möhkəmlətmək və yeniləmək üçün vaxt qazanmaq məqsədilə istifadə edə bilər.
Milli deyib ki, ilkin göstəricilərə görə Rusiya Xersondan geri çəkilir. Lakin o, bunun tamamlanması üçün vaxt tələb ola biləcəyi barədə xəbərdarlıq edib.
"Onlara bir və ya iki gün lazım olmayacaq, bu qüvvələri o çayın cənubuna çəkmək üçün onlara günlər, hətta həftələr gərək olacaq" , Milli deyib. O, Rusiyanın Dnepr çayının şimalında 20 mindən 30 minə qədər əsgərinin olduğunu təxmin etdiyini bildirib.
Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri Ukraynadakı müharibəyə birbaşa müdaxilə etməsələr də, lakin Rusiyanın işğalçı ordusundan müdafiə üçün Kyivi silahlandırır, məsləhətlər verir, imkanlar yaradır.
Milli müharibənin indiyədək 15 milyondan 30 milyona qədər ukraynalının qaçqın vəziyyətinə düşməsinə və çox ehtimal ki, 40 min mülki şəxsin həlak olmasına səbəb olduğunu deyib.