Məhkəmə jurnalistin şikayətini təmin etməyib

Məhkəmə jurnalistin şikayətini təmin etməyib

Baş redaktor balaca bir maşında 45 nəfər əliqandallı məhbusun məhkəməyə gətirilməsini insanın şərəf və ləyaqətinin alçaldılması kimi dəyərləndirib.

Dekabrın 8-də Bakı Apelyasiya Məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının şikayətinə baxılıb. Şikayət Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi. Dekabrın 1-də Nəsimi Rayon Məhkəməsində Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməyib.

Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə danışan Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasından məhkəməyə 45 nəfər məhbusun eyni maşında gətirildiyini bildirib. Baş redaktor balaca bir maşında 45 nəfər əliqandallı məhbusun gətirilməsini insanın şərəf və ləyaqətinin alçaldılması kimi dəyərləndirib.

“Media forum” saytına verilən məlumata görə, məhkəmə zamanı Əvəz Zeynallı dəmir barmaqlıqlar arasında əliqandallı vəziyyətdə saxlanıb, vəkili Elçin Sadıqovla məsləhətləşək imkanından məhrum edilib.

Məhkəmə məhbusun şikayətini təmin etməyib.

Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Əvəz Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəmənin qərarını qüvvədə saxlayıb.