Məhkəmə jurnalisti həbsdə saxlayıb

Məhkəmə jurnalisti həbsdə saxlayıb

Əvəz Zeynallı oktyabrın 28-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs edilib. Respublika Prokurorluğunun məlumatına görə, jurnalist deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Vəkil jurnalistin həbsini siyasi sifariş adlandırıb.

Bakı Apelyasiya Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində Nəsimi rayon Məhkəməsinin ayrı-ayrı qərarları barədə apelyasiya şikayətlərinə baxılıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsi radiosuna bildirib ki, Bakı Apelyasiya məhkəməsi

jurnalist barəsində birinci instansiya məhkəməsinin seçdiyi 3 aylıq həbs qəti imkan tədbirini qüvvədə saxlayıb. Məhkəmə eyni zamanda, Əvəz Zeynallının evində, ofisində, avtomobilində axtarış aparılması barədə Nəsimi rayon məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Vəkil məhkəmənin hər iki qərarı ilə razılaşmır və hüquqlarını müdafiə etdiyi baş redaktorun siyasi sifarişlə həbs olunduğunu bildirib.
Əvəz Zeynallı oktyabrın 28-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs edilib. Respublika Prokurorluğunun məlumatına görə, jurnalist deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs edilib. Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsində Əvəz Zeynallı barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü (rüşvət tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Oktyabrın 20-də Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli və müğənni Nüşabə Ələsgərlinin iddiaları üzrə cərimə ödəmədiyinə görə “Xural” qəzetinin əmlakı müsadirə olunub.