Məhkəmə hüquq müdafiəçisinin şikayətini təmin etməyib

Məhkəmə hüquq müdafiəçisinin şikayətini təmin etməyib

Vidadi İsgəndərov Azərbaycanda həbs olunan ilk hüquq müdafiəçisidir. 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub. Hökuməti və bir çox məmurları televiziyanın canlı efirində faktlarla korrupsiyada ittiham edib.

Şəki Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə hüquq müdafiəçisi Vidadi İsgəndərovun işi üzrə məhkəmə prosesi keçirilib.
Vəkil Yalçın İmanov Amerikanın Səsi radiosuna bildirib ki, hakim həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etməyib.

Vidadi İsgəndərov ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını və əməlində cinayət tərkibi olmadığını bildirib.

Vəkil deyib ki, hüquq müdafiəçisinin Avropa Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması), 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələri üzrə hüquqlarının pozulması ilə bağlı Avropa məhkəməsinə müraciət ediləcək.

Bununla yanaşı Vidadi İsgəndərov Gəncə İstintaq Təcridxanasında ona qarşı təxribat hazırlandığını məhkəmənin diqqətinə çatdırıb. Hüquq müdafiəçisi həyatına təhlükə olacağı təqdirdə məsuliyyətin ona qarşı saxta cinayət işi açmış şəxslərin üzərinə düşəcəyini bildirib. Vidadi İsgəndərov həbsinin siyasi sifariş olduğunu deyib.

Beləliklə, Vidadi İsgəndərovun apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Cənab İsgəndərov Cinayət Məcəlləsinin 159.3 (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1 (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) və 132-ci (döymə) maddələr ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. O, Azərbaycanda həbs olunan ilk hüquq müdafiəçisidir. 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub. Hökuməti və bir çox məmurları televiziyanın canlı efirində faktlarla korrupsiyada ittiham edib. Vidadi İsgəndərov eyni zamanda səsvermənin saxtalaşdırıldığını bildirib və qabaqcadan iqtidar namizədinin xeyrinə doldurulmuş bülletenləri mətbuat qarşısında nümayiş etdirib.

O həbs edilsə də televiziya efirindən korrupsiyada günahlandırdığı məmurlar barədə hələ də hüquqi araşdırma aparılıb ictimaiyyətə məlumat verilməyib.