İş adamı mənzilində asılmış vəziyyətdə tapılıb

İntihar

İyunun 20-də iş adamı Məzahir Cəfərov Bakı şəhəri Həsən Əliyev küçəsindəki mənzilində asılmış vəziyyətdə tapılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, intihar faktı üzrə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.

Məzahir Cəfərov “STS” və “Sahil D Compani” MMC-nin direktoru olub. Onun barəsində, bu il martın 12-də vətəndaşların müraciətlərindən sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2 (dələduzluq) maddələri ilə cinayət işi qaldırılıb və o saxlanılıb. M.Cəfərov Xətai rayonunda inşa edilən çoxmərtəbəli yaşayış binalarındakı satılmış və pulu ödənmiş mənzilləri saxta sənədlərlə təkrar müxtəlif şəxslərə satmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə 4 milyon 458 min manat ələ keçirməkdə təqsirləndirilir.

Baş Prokrorluq istintaq müddətində vətəndaşlara vurulmuş maddi ziyanın 1 milyon 242 min manatının ödənildiyini bildirib.

Məzahir Cəfərov zaminə buraxılıb.

Hazırda cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərililib.

Məzahir Cəfərov “Xəzər adaları» layihəsi ilə tanınan “Avesta” Şirkətlər Qrupunun rəhbəri İbrahim Nehrəmli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və Sahib İbrahimov qardaşlarının qohumudur.