"Seçkidə KİV-ə hər cür şərait yaradılır"

“Azərbaycanda kütləvi informasiya vasitələri (KİV) seçkilər vaxtı həmişə Mərkəzi Seçki Komissiyasının (MSK) yanında olur. KİV-lər MSK-da qeydiyyatdan keçmir, onlara seçkiləri işıqlandırmaq üçün hər cür şərait yaradılır. Xarici KİV-lər də bu statusa malikdir”.

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O, aprelin 9-da bir sıra xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə brifinq keçirib.

Məzahir Pənahov bildirib ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində 5 milyondan çox Azərbaycan vətəndaşı səs vermək hüququna malikdir.

“Onlardan 102 mindən çoxu ilk dəfə səs verəcək. ATƏT-in nümayəndələri də bu seçkilərdə müşahidəçi qismində çıxış edəcəklər. Min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu təcrübə 2008-ci ildən tətbiq olunur.”.

M.Pənahov bildirib ki, dünyanın istənilən yerindən heç bir məhdudiyyət olmadan MSK-nın saytına daxil olub seçki prosesini izləmək mümkündür.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilmiş seçkilər oktyabrda keçirilməli idi.

Ümumilikdə səkkiz namizəd qeydiyyatdan keçib. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu”dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı, “ Müsəlman Birliyi” Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.

Ancaq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.