Monitorinqin nəticələri -Azərbaycan mətbuatında seçki mövzusu varmı?

Media-simvol

Demokratik Təşəbbüslər İnstitutu (DTİ) 1 noyabr parlament seçkiləri ərəfəsində mətbuat monitorinqinin nəticələrini açıqlayıb.

Araşdırmalar göstərir ki, əhalinin informasiya tələbatı 92-95% elektron mətbuat, ilk növbədə də televiziya hesabına təmin edilir.

Obyektivlik, qərəzsizlik, qanunlara və yayım standartlarına riayət etmə dərəcəsi mühüm rol oynayır. Lakin yayımı tənzimləyən qurumlar – Milli Teleradio Şurası və qismən Mərkəzi Seçki Komissiyası çox vaxt qanun pozuntularını “görmür” və təqsirkarları cəzalandırmır.

Son beş ildə dövlət mətbuat sektoruna 417,5 milyon dollar ayırıb və bu vəsaitdən ən çox alan AzTV olub - 223 milyon dollar, İctimai Televiziya (İTV) 96,5 milyon dollar alıb.

Özəl telekanallar da dövlətdən müxtəlif adlar altında 22 milyon dollaradək vəsait alıblar. Bu səbəbdən elektron yayım mediasının, xüsusilə dövlət büdcəsindən maliyyələşən, xüsusi qanun və normativ hüquqi sənədlərlə qurulan və fəaliyyət göstərən televiziyaların, radioların fəaliyyəti vətəndaş cəmiyyəti qurumları tərəfindən ciddi nəzarətə götürülməlidir.

Monitorinq və qiymətləndirmənin əsas məqsədi elektron kütləvi informasiya vasitələrinin, o cümlədən elektron yayım mediasının seçkilərin demokratik və qanunauyğun, ədalətli keçirilməsində önəmli rol oynadığını nəzərə alaraq, seçicilərin səsvermədən öncəki düşüncələrinin formalaşmasındakı idealoji-təbliğat faktorlarının minimuma endirilməsində yardımçı olmaq, elektron medianın seçkilərdə tutumunu, davranışlarını, qanunlara əməletmə nisbətini, tərəfsizliyini, ədalətliliyini, qərəzsizliyini, obyektivliliyini cəmiyyətə seçim etmədən öncə təqdim etməkdir.

Birinci hesabat sentyabrın 1-dən 30-na qədər olan dövrü əhatə edir. Monitorinq 4 telekanalı - AzTV, İTV, ANS və ATV-ni və onların saat 19.00-dan 23.00-a qədər olan verilişlərini əhatə edib.

Həmçinin müxtəlif siyasi spektri - hakimiyyəti, müxalifəti təmsil edən, müstəqil ənənəvi və on-line mətbuat əhatə edilib.

Xüsusən, AzərTAc dövlət agentliyinin, “Azərbaycan” qəzetinin, müxalif “Azadlıq” qəzetinin, habelə “lent.az” və “contact.az” saytlarının və “Yeni Müsavat” qəzetinin monitorinqi aparılıb.

Telekanallarda monitorinq informasiya-maarifləndirmə və informasiya-təbliğat xarakterli verilişlərin, habelə hakimiyyətə dəstək, hakimiyyətə qarşı, müxalifətin lehinə və əleyhinə informasiyanın həcmini izləyib.

On-line mətbuat və qəzetlərə də eyni yanaşma olub. 480 saatlıq prime-time vaxtında seçki prosesi ilə əlaqəli olan xəbər, xəbər törəmə, debat, müzakirə, talk-şou, yekun analitik proqramlar qiymətləndirilib. Bütün televiziyalarda 480 saatlıq müddətdə cəmi 37 saat, 53 dəqiqə, 34 saniyə seçki prosesi ilə əlaqələndirilən, yaxud seçkilərdə seçicilərə təsir etmək qabiliyyəti olan ictimai-siyasi informasiyalara yer verilib. Bu bütün prime-time vaxtının 7,93%-ni əhatə edir.

Bu zaman 35 saat hakimiyətin xeyrinə olan informasiyalara həsr edilib, müxalifətin xeyrinə isə bir saniyə belə ayrılmayıb.

Müxalifətin əleyhinə 6 dəqiqə 2 saniyə (0,26%) olub.

Beləliklə, monitorinq telekanalların efirində siyasi müxtəlifliyin olmadığını üzə çıxarıb.

Çap və on-line mətbuatın monitorinqi də eyni meyarlar üzrə həyata keçirilib və 512 nəşri əhatə edib. Materialların ümumi həcminin 53%-i (151) hakimiyyətin lehinə, 22%-i (63) əleyhinə olub.

Qərəzsiz nəşrlər cəmi 6% (18) təşkil edib. Müxalifətin əleyhinə 13% (45 məlumat), lehinə 2% (4 məlumat) olub.

Bu zaman AzerTAc agentliyinin materiallarının 100%-i hakimiyyətin xeyrinə olub.

Müxalifət qəzeti hesab olunan “Yeni Müsavat”ın materiallarının 34%-i hakimiyyətin xeyrinə, 7%-i əleyhinə, 17%-i müxalifətin lehinə, 3%-i əleyhinə olub. Qəzetin daha 9% materialı tarazlaşdırılmış olub.

Ümumilikdə monitorinq dövlət tərəfindən maliyyələşdirilən KİV-də siyasi plüralizm və alternativ fikir olmadığını üzə çıxarıb.

Demokratik Təşəbbüslər İnstitutu 2013-cü ildə bir qrup müstəqil hüquqşünas tərəfindən yaradılıb.

Quruma MSK üzvü Akif Qurbanov rəhbərlik edir. Ədliyyə Nazirliyi bu QHT-ni qeydiyyata almaqdan imtina edib.