Azadlıq qəzetinin iddiası təmin edilməyib

Aprelin 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində “Azadlıq” qəzeti və “azadliq.info” MMC-nin Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinə qarşı iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iddianın təmin edilməməsi barədə qərar verib.

Məhkəmənin yekunu barədə “Azadlıq” qəzetinin və “azadliq.info” MMC-nin nümayəndəsi Səməd Rəhimov məlumat verib.

Vəkil işin mahiyyəti ilə bağlı bunları deyib:

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirli barəsində başlanmış cinayət işi ilə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsının vəsatəti əsasinda baş prokurorun müavini Rüstəm Usubov Nəsimi rayon Məhkəməsinə təqdimat göndərib. Həmin təqdimatda göstərilib ki, Faiq Əmirlinin işi ilə əlaqədar vergi cinayəti elementlərinin araşdırılması üçün onun vəzifəli şəxs olduğu “Azadlıq” qəzeti və “azadliq.info” MMC-nin vergi fəaliyyəti yoxlanılmalıdır. Nəsimi rayon Məhkəməsi 18 noyabr 2016-cı ildə bu təqdimatı təmin edən qərar qəbul edib. “Azadliq” qəzeti və “azadliq.info” MMC-də 2010-2016-cı illər ərzində vergi yoxlamalarının aparılması Vergilər Nazirliyinin müvafiq departamentinə tapşırılıb. Bakı şəhər Vergilər Departamenti, hazırda həmin qurumun hüququ varisi olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti göstərilən müddət üçün vergi yoxlamasının keçirilməsi barədə qərar verib.

“Azadlıq” qəzeti və “azadliq.info” MMC həmin qərarın mübahisələndirməsi üçün Bakı şəhər İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bu zaman Nəsimi rayon Məhkəməsindəki icraat onlara məlum olub. Nəsimi rayon Məhkəməsinin qərarından “Azadlıq” qəzeti və “azadliq.info” MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxladıqdan sonra “Azadlıq” qəzeti və “azadliq.info” MMC iddia tələbinin dəyişdirilməsi barədə İnzibati-İqtisadi Məhkəməyə müraciət edib. Belə ki, yoxlamanın “Azadlıq” qəzetinə münasibətdə 2013-2016-cı illəri əhatə etməsini, “azadliq.info” MMC-yə münasibətdə isə onun yarandığı 2015-ci ildən sonrakı dövrü əhatə etməklə aparılması tələbini qoyub. Əsaslandırma ondan ibarət idi ki, “Vergilər Məcəlləsi”nin 36-cı maddəsinə görə səyyar vergi yoxlamaları fəaliyyətin son 3 ilini əhatə etməlidir. 6 illik yoxlama aparılması həm hüquqi müəyyənlik prinsipinə, həm də vergi qanunvericiliyinə ziddir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu iddia tələbi ilə də razılaşmayaraq iddianı təmin etmədi”, o qeyd edib.

Müdafiəçi Səməd Rəhimov qərarı almadığı üçün əsaslandırmanın nədən ibarət olduğunu bilmr. Qərarı aldıqdan sonra “Azadlıq” qəzeti və “azadliq.info”-nun səlahiyyətli şəxsləri ilə məsləhətləşib müvafiq apellyasiya şikayəti verəcəklərini deyib.

“Əsaslandırmanın nədən ibarət olmasını bilməsək də, qərarın əsassız və qanunsuz olduğunu hesab edirik. Ona görə ki, “Vergilər Məcəlləsi”nin konkret tələbi var. Baxmayaraq ki, ali bir qərarla 6 il yoxlama tələb olunur, hər bir halda vergi orqanı son üc ilin yoxlaması ilə məhdudlaşmalı idi”, deyə Səməd Rəhimov bildirib.

Xatırladaq ki, F.Əmirli 2016-cı il avustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin mili, irqi, dini ayrı-seçkilik və dini nifrəti qızışdırmaq kimi ittihamlar iərli sürülüb. F.Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunur.

O bu ittihamları rədd edir, “Azadlıq” qəzetinə təzyiq kimi dəyərləndirir. Əmirli həbs edildikdən sonra qəzetin çapı dayanıb. Belə ki, qəzetin bank hesabında maliyyə direktorunun imzası təsdiq olunub, bank digər imzanı qəbul etmir.

Faiq Əmirliyə qarşı vergi ittihamı irəli sürülməsə də istintaq orqanının təklifi ilə “Azadlıq” qəzetinin və "azasdliq.info" MMC-nin 2010-2016-cı illər fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilib. Qəzetin əməkdaşlarının əksəriyyəti Baş Prolurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.