Birləşmiş Ştatlarda MERS virusuna yoluxan ikinci adam qeydə alınıb

Birləşmiş Ştatlarda ilk dəfə Səudiyyə Ərəbistanında qeydə alınmış MERS (Yaxın Şərq tənəffüs sindromu) virusu ilə ikinci xəstə qeydə alınıb.

Ərəbistan yarmadasında MERS virusu olan xəstələrə qulluq edən səhiyyə işçisinin bu yolla yoluxduğu güman edilir. O,Səudiyyə Ərəbistanın Ciddə şəhərindən Londona səfər edən vaxt təyyarədə səhhəti pisləşdiyini hiss edib. Adı açıqlanmayan xəstə oradan Florida ştatına səfər edib.

ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin rəsmisi Enn Şuşat agentliyin beynəlxalq həmkarlarla virusa yoluxan xəstə ilə eyni təyyarədə səyahət edən təxminən 500 sərnişinin müəyyən və müayinə edilməsi üçün birgə iş apadığını deyib.

Virusa yoluxan xəstə hazırda Floridanın Orlando şəhərində xəstəxanaya yerləşdirilib. ABŞ səhiyyə rəsmiləri onun səhhətinin yaxşı olduğunu deyib.

Virusa yoluxan ilk xəstə isə mayın 2-i İndiana ştatında qeydə alınıb.

ABŞ səhiyyə rəsmiləri Yaxın Şərqə səfər edən amerikalıları əllərini mütəmadi yumağı, burun və gözlərə əllər yuyulmadan toxunmamağı məsləhət görür.

Bu günə qədər dünya ölkələrində 538 laboratoriyada MERS virusunun qeydə alındığını təsdiq edilib. Virusa yoluxan 145 xəstə həyatını itirib. Səudiyyə Ərəbistanı rəsmiləri 450 hadisənin qeydə alındığını və 2012-ci ildə ilk dəfə müəyyən ediləndən bü günə qədər 112 xəstənin öldüyünü bildirib.

Virusun qarşısını alacaq peyvənd və ya müalicə üsulu hələlik müəyyən edilməyib.