Xəqani Abdullayev: Sentyabrın ortalarından valyuta bazarında stabillik yaranıb

Mərkəzi Bank

Azərbaycanın daxili bazarında valyutaya olan cari tələbat sabitləşib.

Report.az saytının məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev bildirib.

"Bu il və gələn il məzənnədə kəskin dəyişikliyə zərurət görmürük. Ciddi dollarlaşmaya zərurət yoxdur. Əlbəttə ki, bu, neftin qiymətində ciddi dəyişiklik olmasa, nəzərdə tutulur", o qeyd edib.

AMB rəsmisi deyib ki, bu ilin avqustunda valyuta bazarına müəyyən təzyiq olub və bu, qonşu ölkələrdəki devalvasiyanın psixoloji təsiri ilə bağlı idi. Lakin sentyabrın ortasından etibarən artıq stabillik yaranıb.

"Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlrd. manatdan bir qədər artıqdır. Ciddi dollarlaşmaya zərurət yoxdur. Biz Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsiz saxlanılmasını əsas götürürük. AMB-nin valyuta ehtiyatlarında azalma məbləği ciddi narahatlıq doğurmamalıdır. Çünki Mərkəzi Bank makroiqtisadi sabitliyə əsasən manatın məzənnəsi vasitəsilə nail olur", - deyə X.Abdullayev vurğulayıb.

O, həmçinin ipoteka kreditləşməsinin genişləndirilməsi ilə bağlı təkliflərin artıq AMB-yə təqdim olunduğunu və hazırda təkliflər üzərində iş aparıldığını deyib.