Mərkəzi Bank bankların risklərini tənzimləməyəcək

Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankının (AMB) qərarı ilə açıq valyuta mövqeyi limiti üzrə tələblər 2016-cı il yanvarın 1-dək dayandırılıb. Başqa sözlə desək, AMB onların valyuta risklərini tənzimləməyəcək və nəzarət etməyəcək.

AMB-nin direktoru Rəşad Orucovun adından banklara göndərilən məktubda deyilir ki, bu qərar fevralın 26-da qəbul edilib. Lakin qərarın qəbulunun səbəbləri açıqlanmır.

Ekspertlər hesab edir ki, Mərkəzi Bank risklər artıdığından digər bankların xarici öhdəliklərini öz üzərinə götürmək istəmir. AMB bilir ki, bankların problemləri artacaq və kömək etmək gücündə deyil.

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, AMB bankların valyuta mövqeyinin limitinin müəyyən edilməsi ilə bağlı öhdəlikləri üzərindən atmaqda haqlı deyil. Bu, “Banklar haqqında” qanunda vəə 2001-ci il tarixli müvafiq normativ aktda nəzərdə tutulmayıb.

“Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi” haqda qaydaları bankların xarici valyuta ilə əməliyyatları üzrə məzənnə riskinin tənzimlənməsinə yönəlib. Valyuta mövqeyi valyutada (o cümlədən qiymətli metallarda) tələb və öhdəliyin fərqidir. Açıq valyuta mövqeyi onlar arasında fərqi xarakterizə edir, belə ki, banklar üçün əlverişsiz olan məzənnə dəyişikliyi şəratində vəsait itkisi riski yaranır.

Xatırladaq ki, bu il fevralın 21-də AMB milli manatın ABŞ dollarına nisbətdə 34% devalvasiyası barədə qərar qəbul edib. Nəticədə banklar aldıqları və verdikləri milli və xarici valyuta arasındakı məzənnə fərqi ilə əlaqədar öhdəliklərin yerinə yetirilməsilə bağlı çətin vəziyyətə düşüblər.