SOCAR və “Romgaz” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

SOCAR və“Romgaz” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. (Foto: İqtisadiyyat nazirliyi)

Rumıniyanın “Romgaz” şirkəti və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub,” məlumatda qeyd edilib.

Rəsmi məlumatda bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin oktyabrın 19-da Rumıniyaya səfəri çərçivəsində Rumıniyanın “Romgaz” şirkəti və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “Romgaz”ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.

Bununla əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Xatırlatma

Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Cernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı və tədarük coğrafiyasını genişləndirməyi planlaşdırır.

“Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Azərbaycan on ildən artıqdır ki, qonşu dövlətlər üçün etibarlı qaz ixracatçısıdır,” o qeyd edib.

Əliyevin sözlərinə görə, Azərbaycana son vaxtlar 10-dan çox ölkədən: Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən qaz tədarükünün artırılması və ya qaz təchizatına qoşulma tələbi ilə müraciətlər daxil olub.

"Avropanın artan tələbatını ödəmək üçün, əlbəttə ki, sıx əməkdaşlığa və koordinasiyaya ehtiyacımız var," Əliyev bildirib.