Məmməd Ənsarinin sözlərinə görə, İranda musiqi sahəsində çalışanların bir çoxu islahatçı ya mühafizəkar qanadların himayəsindən yararlanaraq fəaliyyət göstərə bilirlər. Təbrizli bəstəkar Amerikanın Səsinə müsahibədə İranda musiqiçilərin hakimiyyətlə əlaqəsini dəyərləndirərək Həsən Ruhani dönəmində musiqi sahəsində nisbi yumşalmaya dair deyilənlərə münasibət bildirib.
Your browser doesn’t support HTML5
Məmməd Ənsarinin sözlərinə görə, İran İslam Respublikası musiqiyə bir sənət kimi deyil, təbliğat və propaqanda vasitəsi kimi baxmaqdadır. O, bir çox sənətkarın fəaliyyət etmək üçün hakimiyyətin bu baxışına uyğun hərəkət etdiyini ifadə edir.
Musiqiçilər məcburdurlar ya istəyirlər ki, bu siyasi qanadların yanında çalışalar. İndi bunlara nə qədər sənətkar demək olar, nə qədər musiqiçi demək olar? Bu özü sualdır.Məmməd Ənsari
“İrandakı sistemə baxanda, son onillərdə sənətçilərin əksəriyyəti fəaliyyət göstərmək üçün hakim ideologiyanın xidmətinə alınırlar. Sənət bir propaqanda mikrofonuna çevrilir. Misal üçün farsçılıq və şiəçilik ideologiyaları üçün musiqi sifariş olunur, ya musiqiçilər fəaliyyət göstərmək üçün o şəkildə çıxış etməli olurlar,” deyə Təbrizli bəstəkar dilə gətirir.
O, müəyyən siyasi tədbirlər və münasibətlərdə hakimiyyətin musiqiçilərdən necə yararlandığına dair nümunələrə işarə edir:
“Saxta bir özgürlük havası yaratmaq üçün, məsələn 22 Bəhmən (İslam İnqilabının ildönümü) şənliklərində şad musiqilər səslənir. Ya da, seçkilər öncəsi konsertlərə daha asan icazə verilir. Siyasi qanadların (islahatçı və muhafizəkar) öz musiqiçiləri var,” deyə Məmməd Ənsari musiqiçilərin bəzi fəaliyyətlərini ancaq bir siyasi qanadın himayəsi altında yürüdə biləcəklərini önə çəkir.
“Yəni musiqiçilər məcburdurlar ya istəyirlər ki, bu siyasi qanadların yanında çalışalar. İndi bunlara nə qədər sənətkar demək olar, nə qədər musiqiçi demək olar? Bu özü sualdır,” deyə Ənsari söyləyir.
Bəstəkarın söz etdiyi şəkildə fəaliyyət göstərən musiqiçilərin bir çoxu mədəni fəallar və bəzi ziyalıların tənqidləri ilə də qarşılaşırlar. Amma, bu növ musiqi fəaliyyətlərini dəstəkləyən mədəni fəalların da sayı az deyil. Onların fikrincə, musiqiçilərin və ümumiyyətlə sənətçilərin mövcud siyasi şəraitdə çalışmaq üçün başqa çarələri yoxdur.
Deyək ki, hakim söyləmin/diskursun yanında duranlar buna məcburdurlar. Bu durumda, onları tənqid etmək də hakim söyləmin yanında durmayanların haqqıdır.Məmməd Ənsari
Məmməd Ənsari deyir: “Hər sənətkar özü öz yolunu seçir. Deyək ki, hakim söyləmin/diskursun yanında duranlar buna məcburdurlar. Bu durumda, onları tənqid etmək də hakim söyləmin yanında durmayanların haqqıdır. Bunu da qeyd edim ki, əlbəttə içəridə öz sözlərini deyən, öz musiqisini sərgiləməyə çalışan sənətçilər də var. Bunların da bu seçimi bəzən zindan, bəzən işgəncə, bəzən də musiqi məktəblərinin qapanması ilə nəticələnir.”
O, Həsən Ruhani dönəmində musiqi sahəsində fəaliyyət üçün bəzi yumşalmalara dair xəbərlərə münasibət bildirir:
“Mən gördüyüm qədər, İranda zaman zaman vəziyyət yumşalır və ağırlaşır. Gah sıxırlar, gah buraxırlar. Həsən Ruhani da digərləri kimi... Bu dini və mərkəziyyətçi sistemin heç zaman musiqiyə yaxşı baxışı olmayıb. Məncə, yenə də olmayacaq. Seçkilərdə az yumşalma olubsa, səs üçün olmuş. Bu bəzən Xamneyinin də işinə gəlir. Hər halda o da, seçkilərdə iştirakın çox olduğunu göstərmək istəyir. Sonra basqılar yenidən davam edir.”
Fars musiqisindəki şeiri hakimiyyət daha rahat anlayır. Amma bizim türkcəmizə baxanda daha sərt davranırlar.Məmməd Ənsari
Ənsari musiqi fəaliyyətləri ilə əlaqəli verilən vədləri Həsən Ruhaninin Urmiyə Gölünün canlandırılmasına dair verdiyi vədlər ilə müqayisə edir: “Gördük ki, Ruhani ikinci dövrdə Urmiyə Gölü ilə bağlı heç birinci dövrdə verdiyi vədləri də dilə gətirmədi. Sanki, Urmiyə Gölü problemi həll olmuş... Həyati bir məsələyə belə laqeyd yanaşdıqlarına görə sistemin heç ciddiyə almadığı musiqi harada yerləşəcək?”
Ənsari mərkəzdən uzaq, o cümlədən qeyri-fars bölgələrdə musiqiçilər üzərindəki nəzarətin daha artıq olduğunu deyir.
“Özəlliklə Azərbaycanda musiqiçilərin İsfahan və Tehranda olduğu kimi renta gəlirlərinə (rant) əlləri çatmır. Bir də İranda biz musiqi deyəndə əsasən sözlə, şeirlə əlaqəli olan musiqi daha çox səhnədə olur. Fars musiqisindəki şeiri hakimiyyət daha rahat anlayır. Amma bizim türkcəmizə baxanda daha sərt davranırlar..,” deyə 21 Azər Simfonik Poemasının müəllifi əlavə edir.