ABŞ Senatorları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Məktubda Türkiyə səfirinin Vaşinqtondakı iqamətgahı qarşısında lentə alınmış dava görütülərindən bəhs edilir və Ərdoğanın cangüdənləri kəskin qınanılır.
Your browser doesn’t support HTML5
Senatorlar məktubda cangüdənlərin əməllərindən dərin narahatlıq ifadə edir.
"Dinc nümayişçilərə qarşı zorakılıqların əleyhinəyik - eləcə də hökumətinizin media, azlıqlar və siyası müxalifətə qarşı davranışına. Bunlar qəbuledilməzdir.”
Məktubda deyilib ki, 2017-ci ilin may ayının 16-də Ərdoğanın cangüdənləri polis xəttini qıraraq azsaylı etirazçılara hücum edib. Savaşda ən azı 9 nəfər yaralanıb.
"Bu, ilk belə hücum deyil. Keçən il Brukinqs İnstitutu qarşısında da nümayişçilər və media işçilərinə zorakılıq tətbiq edilib," məktub müəllifləri xatırladır.
Senatorlar türk cangüdənlərinin əməllərinin ABŞ konstitusiyasına əsasən azadlığın qorunması və amerikalıların azad toplaşmaq hüququnun pozulması anlamına gəldiyini vurğulayır.
"Bunlar Amerika torpaqlarında bu azadlıqların kobud şəkildə pozulması deməkdir. Bu, hökumətinizin imicinə zərbə vurur. Biz uzun zamandır NATO üzvü, regionda yaxın müttəfiq kimi dəstəklədiyimiz Türkiyədən daha münasib əməkdaşlıq gözləyirik," deyə senatorlar bildirir.
Your browser doesn’t support HTML5
"Biz baş verənlərə göz yuma bilmərik və paytaxtımızda dinc nümayişçilərə hücum edənlərin məsuliyyətə cəlb edilməsini tələb edirik," deyə senatorlar etirazlarını ifadə edib.
Məktuba Demokrat senator Diana Faynstayn və Respublikaçı senator Con Makkeyn imza atıb.
Mayın 16-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri çərçivəsində Türkiyə səfiri iqamətgahı qarşısında etiraz aksiyası keçirilib. Aksiya zamanı etirazçılarla Ərdoğanın cangüdən heyəti dalaşıb.