ABŞ dövlət katibi və daxili təhlükəsizlik naziri Meksikadadır

ABŞ dövlət katibi Reks Tillerson ABŞ və Meksikanın iki qüdrətli dövlət kimi vaxtaşırı fikir ayrılıqlarına malik olduğunu desə də, ö ölkə rəsmiləri ilə müzakirələri produktiv adlandırıb.

O və daxili təhlükəsizlik naziri Con Kelli bu gün Meksika prezidenti Enriue Pena Niyeto və onun kabinet üzvləri ilə görüşüb.

Narkotik maddə qaçaqmalçılığı, ticarət və mühacirət məsələlərinə həsr edilmiş bu görüş çoxsaylı yüksək səviyyəli görüşlərin birincisi hesab edilir.

Tillerson isə həmkarı Luis Videqarayla görüşdən sonra müxbirlərə deyib ki, iki ölkə arasındakı ciddi fiikir ayrılıqları dialoq yolu ilə həll edilə bilər.

Səfər iki ölkə arasında münasibətlərin aşağı səviyyədə olduğu bir vaxta təsadüf edir.

Tillerson və Kelli yeni ABŞ administrasiyasının Mərkəzi Amerika ölkələrinə qarşı yürütdüyü siyasət səbəbindən Meksikada yaranmış narahatçılıq və qəzəbi sakitləşdirəcəklərinə ümid edirlər.

Tramp dəfələrlə Meksikanın 3100 kilometrlik sərhəddə təhlükəsizlik divarı inşasını maliyyələşdirəcəyinə israr edib. Vaşinqton qanunvericiləri bu layihənin 12 milyard dollar başa gələcəyini təqdir edib.

Və yalnız bu həftə ABŞ Milli Təhlükəsizlik Nazirliyi milyonlarla qeyri-qanuni mühacirin ölkədən deportasiya edilməsinə icazə verən qanun müəyyən edib.