Meksikada İquala qəsəbəsində etiraz aksiyasında iştirak etmək üçün yola düşən 43 tələbənin yoxa çıxmasından iki il sonra valideynlər və ailə üzvləri hələ də cavab axtarır.
Paytaxt Mexikonun küçələrində aksiya keçirən valideynlər övladlarının tapılmasını tələb edib.
Ayotzinapa kollecinin 43 tələbəsi İquala qəsəbəsində bir avtobusu qaçırdıqdan sonra yoxa çıxıb. Onlar yerli polis tərəfindən saxlandıqdan sonra narkotik kartelinə təslim ediliblər.
Dövlətin apardığı təhqiqat nəticəsində tələbələrin öldürüldüyü deyilsə də, bir sıra beynəlxalq ekspert bu izahatı qəbul etməyib, tələbələrin ailələri isə buna inanmaq istəmir.
Hökumətin verdiyi izahata əsasən, tələbələrin cəsədləri yandırılıb və yaxınlıqdakı çaya atılıb. Onların bu açıqlaması ərazidə tapılan sümük qalığğının tələbələrdən birinə aid olmasına əsaslanır.
Prokurorun ofisi keçən həftə cəsədlərin yandırıldığını sübut etmək üçün həmin yerdə yeni tibbi ekspertiza keçirilməsinin planlaşdırıldığını bildirib.
Hadisə ilə bağlı 128 insan həbs olunub. Bu şəxslərdən təxminən yarısının hazırda məhkəməsi gedir.