Mehman Əliyev: Oqtay Gülalıyev danışmağa cəhd edir

Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti yaxşılaşmaqda davam edir.

“Ağ ciyərlərindən bəlğəmi çıxarmaq və ümumiyyətlə, nəfəs almanı rahatlatmaq üçün qoyulmuş traxeostomanı bu günlərdə Oqtay Gülalıyevin boğazından çıxarıblar. Bu aparatı çıxardıqdan sonra hüquq müdafiəçisi daha yaxşı nəfəs almağa başlayıb. Ümumilikdə, fəalın vəziyyəti yaxşılaşır, şüuru özünə qayıdır. O, sualları diqqətlə dinləyir, onlara jestlərlə reaksiya verir. Bundan əlavə, xəbərləri dinləyir. Oqtay Gülalıyev danışmağa da cəhd edir və traxeostomanın çıxarılması yəqin ki, nitqinin bərpasını sürətləndirəcək.”

Bu barədə Turan İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev bu gün, mayın 1-də hüquq müdafiəçisini evində ziyarət etdikdən sonra bildirib.

Onun sözlərinə görə, Gülalıyevin müalicəsi ilə bağlı son günlər yaranan problemlər də həllini tapıb.

“Müalicə ilə bağlı prosedurların yerinə yetirilməsi üçün təhkim edilən tibb bacıları öz işlərini davam etdirəcəklər. Aprelin 26-da fəalın oğlu Təbriz Gülalıyev deyib ki, tibb bacıları mayın 1-dən hüquq müdafiəçisinin evinə gəlməyəcəklərini bildirib. Çünki üç aydır onlara maaş verilmir. Bu məlumat ictimaiyyətin mənfi reaksiyasına səbəb olub ki, bu da sosial şəbəkələrdə çoxsaylı tənqidi yazılarda öz əksini tapıb. Görünür, bu, işə yarayıb və mayın 1-də tibb bacıları fəalın evinə gedib. Onlar bildiriblər ki, "bütün məsələlər həll olunub". Tibb işçiləri deyiblər ki, evdə prosedurları yerinə yetirməyə davam edəcəklər.”

Bundan əlavə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində növbəti müalicənin təyin edilməsi məqsədilə qan analizi nümunələrinin götürülməsi üçün tibb işçilərinin göndərilməsilə bağlı müraciətə müsbət cavab veriblər.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib.

Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.

2021-ci il yanvarın 25-də Bakının Nəsimi Rayon Məhkəməsi Oqtay Gülalıyevin səhhətinə ciddi ziyan vurmuş sürücü Kənan Abdullayevi 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.1.-1- ci maddəsilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq üzündən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) təqsirli bilib. Bundan əlavə, Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.