Mehman Əliyev hökumətin mətbuat vasitələrinə nəzarəti büsbütün ələ keçirmək istədiyini deyir

Mehman Əliyev hökumətin mətbuat vasitələrinə nəzarəti büsbütün ələ keçirmək istədiyini deyir

ATƏT-in Mətbuat Azadlığı Üzrə yeni nümayəndəsi Dunya Miyatoviç bu gün Bakıda mətbuat nümayəndələri ilə görüşüb. Həmin görüşdə iştirak edən Turan Informasiya Agentliyinin direktoru Mehman Əliyev ölkədə azad mətbuatın sıxışdırılmasının davam etdiyini, hakimiyyətin iqtisadi, siyasi və başqa yollarla medianı tam nəzarət altına almağa çalışdığını deyib. Mehman Əliyev xanım Miyatoviçlə görüşündə medianın bunun kimi problemlərindən ona bəhs olunduğunu xatırladıb. Turan İnformasiya Agentliyinin direktoru, Azərbaycanda jurnalistlərə və müstəqil saytlara, qəzetlərə fərqli yollarla təzyiq göstərildiyini, jurnalistlərin oğurlanıb döyüldüyünü xatırladıb. O, belə hadisələrin bir-birindən əlaqəsiz istisnalı hadisələr olmadığını, mütəşəkkil şəkildə həyata keçirildiyini, növbədə isə internet saytlarına nəzarət məsələsinin gözlədiyini söyləyib.

Mehman Əliyev Amerikanın səsinə müsahibəsində deyib ki, indinin özündə də bəzi xəbərlər veriləndə saytlara çıxışın qarşısı alınır və hakimiyyət lisenziya tələb etmək və başqa yollarla medianın digər sahələrində olduğu kimi internetə də tam nəzarət etmək istəyir. O, belə hadisələrin beynəlxalq təşkilatların nəzərindən qaçmadığını Avropa Birliyi, Avropa Şurası, ATƏT, insan hüquqları və media hüquqları təşkilatlarının bu növ pozuntulara olduqca ciddi yanaşdıqlarını qeyd edib. Mehman Aliyev xanım Miyatoviçin Azərbaycan rəsmiləri ilə görüşməzdən əvvəl media nümayəndələrinin problemlərini dinləmək istədiyini deyib.