Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib

Mehman Hüseynov

Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib. Bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib.

“Mən bu gün, yanvarın 6-da müstəntiqlə əlaqə saxladım. O dedi ki, Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib”, vəkil qeyd edib.

Dünən sosial şəbəkələrdə dekabrın 26-dan aclıq edən Mehman Hüseynovun səhhətinin ağırlaşdığı üçün Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi barədə məlumatlar yayılıb.

Penitensiar Xidmət də yayılan məlumatları təkzib edib.

"Mehman Hüseynovun müalicə müəssisəsinə köçürülməsi üçün heç bir əsas yoxdur. Hüseynov su və qida qəbul edir, səhhətində hər hansı problem yoxdur”, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.