Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri, bloger Mehman Hüseynov bu gün, aprelin 12-də ölkədən xaricə buraxılıb. Bu barədə Hüseynov öz facebook səhifəsində yazıb.
“Nəhayət ki, girovluqdan azad oluna bildik. Baş Prokurorluq niyə, nəyə görə ölkədən çıxışıma qadağa qoymuşdu, o, sualın cavabını hələ də tapmadıq. Amma, problem ictimailəşəndən sonra öz həllini tapdı. 9 ildən sonra hava limanının qapıları üzümə açıldı,” o qeyd edib.
Hüseynov bildirib ki, Avropa ölkələrinə səfər edəcək.
“Bu səfərimdə beynəlxalq təşkilatların sədrləri ilə görüşüm, beynəlxalq tədbirlərdə iştirakım, çıxışlarım nəzərdə tutulub.”
O səfəri zamanı keçirəcəkləri görüşlərdə "Azərbaycanda olan problemlər, - azad mətbuatın olmaması, insan hüquqlarının acınacaqlı durumu, siyasi məhbus problemləri" haqqında geniş müzakirələr aparacağını bildirib. Eyni zamanda, Avropa ölkələrindəki sosial durumla bağlı videolar çəkəcəyini və Azərbaycanda Avropa ölkələri ilə bağlı aparılan neqativ təbliğata qarşı olacağını deyib. Bloger ironiya ilə yazıb:
“Avropanın dağılması, oradakı insanların acından qırılması, Almaniyanın sosial vəziyyətinin bərbad olduğunu, Avropadaki işsizlik, yoxsulluğun olmasını çəkib görstərəcəm. Görün acından qırılan kimdi, onlar, yoxsa biz? Görün işsizlikdən yoxsulluqdan əziyyət çəkən kimdi, onlar, yoxsa biz? Aztv-ni fəaliyyət göstərməsinə peşman edəcəm,” bloger qeyd edib.
Hüseynov tezliklə Azərbaycana qayıdacağını da bildirib.
“İndi ölkədən buraxmaqlarına buraxıblar, çox gözəl, ümid edirəm ki, ölkəmə qayıdanda da ölkəyə girişimə qadağa qoymazlar,” o qeyd edib.
SEE ALSO: Mehman Hüseynov: Məni girov saxlayırlarHüseynov aprelin 9-da Bakı Beynəlxalq Hava limanından xaricə buraxılmamışdı. Baş Prokurorluq tərəfindən onun ölkədən çıxışına qadağa qoyulduğu bildirilmişdi. Blogerin xaricə buraxılmaması beynəlxalq və yerli ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycan hökumətini Hüseynovu ölkədən xaricə buraxmağa çağırıb.
Mehman Hüseynov böhtan ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.
Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılıb, lakin ölkə daxilində və xaricdə etirazların nəticəsində ittiham götürülüb.