Balakən Rayon Məhkəməsində (Bakıdan 420 kilometr şimal-qərb) məhkəmə zalında təqsirləndirilən şəxs öldürülüb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, fevralın 4-də Balakən Rayon Məhkəməsində rayonun Qullar kənd sakini Məhəmməd Xanpəriyev Cinayət Məcəlləsinin 128-ci maddəsi (yüngül bədən xəsarətlərinin yetirilməsi) ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxslərdən biri Elşən Xipiyev bıçaqla M.Xanpəriyevi qəsdən öldürmək məqsədi ilə ona çoxsaylı xəsarətlər yetirib. M.Xanpəriyev Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada aldığı xəsarətlərdən ölüb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Xipiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.